Demək olar siyasətdə baş verən hər bir hadisəni şərtləndirən amillər var. Bu və ya digər şəkildə. Mütləq formada. Ən xırda detallarına qədər. Eyni zamanda həmin amillər - haqqında danışdığım hadisələrin ya axarı olur, ya tamamı ya da hərəki trayektoriyası. Əlqərəz, bunlarsız mümkün deyil. Yəni ay tutaq bu gün hava soyudu, qəfildən qar yağdı, hamımız şok olduq... - siyasətdə belə bir şey-zad yoxdur. Və ya bu məkanda heç nə özbaşına reallaşmır. Zəmin, tədarük və planlama mütləqdir.
Yaxşı bəs Azərbaycanın mövcud iqtidarı hakimiyyətə gəldiyi gündən bəri hansı prioriteti ön plana çıxarıb? – Dövlətçiliyi. Bu da hamımıza bəllidir. Hərçənd zaman-zaman həmin dövlətçilikdən tutmuş ta milli mənsubiyyətimizə qədər çox müxtəlif səpkili, eyni zamanda həcmli zərbələr almışıq. Elə müxtəlif də qruplar və qruplaşmalar tərəfindən. Amma bütün cəhdlərə baxmayaraq bizi yıxa və əzə bilməyiblər. Ya da tutaq Ukraynanın, Gürcüstanın, Ermənistanın gününə qoya bilməyiblər. Bilirsiniz niyə? Çünki, 93-dən bəri prezidentlər, ölkəni idarə edənlər yerində olub. Onlar hamıdan üstün və hamıya örnək ola biləcək vətəndaş mövqeyi sərgiləyiblər və ən nəhayət milli maraqlarımız özünü güvəndə və himayədə hiss edib.
Eyni zamanda yaşadığımız ən yeni siyasi tarix boyunca Azərbaycanın başına nə oyunlar gətirilibsə, üzərimizdən hansı qara buludlar əsibsə ya bizi tarixən sevməyənlərin ucbatından olub, ya da doğulub, böyüyüb, boya-başa çatdığı torpağa qahmar çıxanların vicdansızlığından!
Söhbəti çox uzatmadan birbaşa əsas məğzə keçid alım:.
Ümumiyyətlə kənar və ya qonşu dövlətlərdə hər nə ziddiyyət baş verirsə versin, həmin neqativi anındaca Azərbaycan üzərinə çökdürmək, transfer eləmək istəyənlər tapılır. Bu faktdır. Və deyim ki, çox da təbii bir prosesdir. Niyə? Çünki, yetərincə düşmənlərimiz var. Üstəgəl, Qərbdə və Avropada sənə görə ortalığa can qoyası tərəfdaş axtarmağa da dəyməz. Ya da bunu düşünmək belə ən azından sadəlöhvlük olar. Bu da ayrı bir həqiqətdir! Amma, bəs Rusiya? Ondandamı yan ötək? Onadamı etinasız yanaşaq? Xeyr. Mümkün deyil. Bilirsinizmi niyə mümkün deyil? Çünki, ordan umacaqlarımız var, gümanlarımız var. Hər nə qədər doğrulmasa da və təstiqlənməsə də...Təbii, öz vətəndaşlarımıza xitabən!
2013-də Rusiyada yaşayan biznesmen həmvətənlərimiz vətəndaş cəmiyyətinin sərt təpkisindən sonra özlərinə əməlli-başlı əl qatmalı oldular: Ay yaratdığımız "Milyarderlər İttifaqı" diaspora məqsədlidir, Azərbaycanın maraqlarını qorumaq istəyirik və s ilaxır. Oysa, axırda məlum oldu ki, bu insanların çoxu ümumiyyətlə heç diaspora anlayışının mahiyyətindən belə xəbərdar deyillər və hansısa qüvvənin təkidi ilə həmin ittifaqa qoşulublar. Hərçənd bu günə qədər boyunlarına qoymaq mümkün deyil...
Və hazırda Ukrayna hadisələrinin fonunda Rusiya qonşu dövlətlər üçün yenidən həssas bir mühit yaratmağa çalışır. Daha doğrusu gərginlik və təzyiq mühiti. Yaxşı bəs hardadır bizim diaspora aşıqlərimiz, analoqu olmayan "vətənşüvən"lərimiz? Niyə səsləri çıxmır? Ya da çıxanda da bir addımlığında durub bu milləti təhqir edən Jirinovskilərə deyil, Azərbaycan iqtidarına qarşı çıxır?
Biri deyir vəzifədən çıxandan sonra ailəmi saxlamaq üçün bizneslə məşğul olası oldum - guya bu vaxta qədər əmək haqqı ilə dolanırmış. Digərinin başı hələ də kino çəkməyə qarışıb və arada zaman tapan kimi öz dəxilsiz və lüzumsuz müsahibə estafetinə davam edir. Nəhayət, 3 muşkityorun sonuncu nümayəndəsi.. hər zaman olduğu kimi yenə də tarandadır. Ağlına və ağzına gələni danışır. Həm də ağına və bozuna baxmadan. Söhbət Söyün Sadıqovdan gedir. O insandan ki, bircə addımlığında durub millətinə həqarət edən rus deputata qarşı çıxmaqda acızdır, amma Azərbaycan deputatını az qala ölümlə hədələmək iqtidarındadır. Rusiya mətbuatında, TV-lərində öz dövləti, vətəni əleyhinə aparılan kampaniyanı görməzdən keçə bilir, amma azərbaycanlı jurnalistin yazdığı bircə yazı onun bütün hövsələsini və səbrini daşırma gücündədir. Oysa bu adamın bilməsi və anlaması gərəkən yetərincə məqamlar var:
Söyün Sadıqov! Sən Azərbaycanda doğulsan da azərbaycanlı ola bilmədin. Daha doğrusu Azərbaycan nəsilli olsan da Azərbaycan əsilli ola bilmədin. Bundan sonrası isə artıq gecdir, yubanmısan. Və ya atalar hamının, hətta sənin belə anlayacağın tərzdə gözəl bir söz deyiblər: "Qırxında öyrənən gorunda çalar".
Demək olar hər cümləndə, hər açıqlamanda, hər müsahibəndə ən çox istinad elədiyin kəlmə ziyalı kəlməsidir. Oysa, artıq dərəcədə xahiş edirəm səndən, çox yox bircə dəfə get güzgüdə özünə bax. Gör ziyalıyamı daha çox bənzəyirsən, yoxsa piştaxta arxasında meyvə-tərəvəz satan bazar əhlinəmi?
Son zamanlar yalnız qulaq kəsməkdən, baş kəsməkdən danışırsan. Çox maraqlıdır, hardan peyda olub bu qəfil alicənablıq? Və ya bilirsənmi artıq söylədiklərin kriminal jarqon-filan da deyil? Bu birbaşa cəllad jarqonudur, qəssab jarqonudur? Hər nə qədər vizual görüntünlə həmahəng olsa belə...
Bu dövlət səndən və özündən deyən dostlarından çox şey istəmir. Bilirsənmi yalnızca nə istəyir? Barı vaxt tapanda ya da yadınıza düşəndə 5-10 dəqiqəlik azərbaycanlı olmağınızı istəyir. Mənsub olduğunuz dövlətin və millətin maraqlarına bir ömürlük deyil, heç olmasa bir cümləlik töhvə vermənizi istəyir. Hərdən səlahiyyətli nümayəndəsi olduğun Putinin qulağına Qarabağla bağlı üç-dord kəlmə pıçıldamağını istəyir. Ya da can dərdi və ya "yola verim" xətrinə olsa da ATƏT-in 20 ildir fəaliyyətsiz qalan Minski qrupuna, nə bilim BMT-nin icrasız qalan qətnamələrinə münasibət bildirmənizi istəyir. Bunları da eləməyəcəksinizsə o zaman niyə azərbaycanlı olmalısız? Ya da azərbaycanlıyam deyib ortalıqda gəzməlisiz?