Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentinin) səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Damira Niyazaliyeva, büdcə və maliyyə komitəsinin sədr müavini Kubanıçbek Tumanov və başqaları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ilə görüşüblər.
Görüşdə qırğız dilinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanı müəllifə təqdim edilib, qarşılıqlı əlaqələrin inkişafı, Kamal Abdullanın "Dilçilyə səyahət" kitabının da qırğız dilinə tərcüməsi və s. məsələlər müzakirə olunub.
Həmçinin Kamal Abdulla "Yarımçıq əlyazma" romanının Qırğızıstan Parlamenti və Fondun dəstəyi ilə keçiriləcək təqdimat mərasiminə dəvət olunub.
Tanınmış yazıçı Kamal Abdullanın həm Azərbaycanda, həm də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və mübahisələrə yol açmış məşhur "Yarımçıq əlyazma" romanı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Qazaxıstandakı Azərbaycan Mədəniyyəti Mərkəzləri İttifaqının sifarişi ilə işıq üzü görüb.
Romanı qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev, Bekten Dıykanbay çeviriblər. Ön sözü Qırğızıstan EA-nın vitse-prezidenti Abduldadcan Akmataliyev yazıb. Romanda Fondun diqqətini cəlb edən Dədə Qorqud və Şah İsmayıl Xətai obrazlarının reallıqla uzlaşan məqamları, yazıçının bənzərsiz üslubu və yazı manerasıdır. Bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması qırğız oxucularının da marağına səbəb olub.
Bu roman indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap olunub.