Elman Nəsirli: “Məsələnin bu şəkildə qoyuluşu düzgün deyil” AÇIQLAMA

3 Aprel 2014 17:35 (UTC+04:00)

"Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi, minadan ərazilərin təmizlənməsi, kommunikasiyaların bərpası və yeddi rayonun taleyi ilə bağlı məsələlər hələ də əsas diqqət mərkəzində saxlanılır. Amma təəssüf ki, danışıqlar prosesi bu istiqamətdə ciddi irəliləyişə gətirib çıxarmayıb". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli sabah keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbadyanın növbəti görüşü və burada müzakirə olunacaq məsələlərdən danışarkən deyib.

Onun sözlərinə görə, hələ ötən ilin noyabr ayının 19-da Vyana razılaşmasına görə, prezidentlər səviyyəsində görüş razılaşdırıldı, eyni zamanda müntəzəm şəkildə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi haqqında razılaşma əldə olundu: "Hətta bunu Vyana danışıqlarından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri öz yaydıqları bəyanatda da ifadə etmişdilər. Bununla belə Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində də Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildi. Biz bu görüş barəsində yalnız ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin öz şəxsi "twitter" səhifəsindən müəyyənlər qeydlər ala bildik. Həmin görüşün detalları tam olaraq açıqlanmadı. Belə məlum oldu ki, həmsədrlər bu halda yenidən kəmiyyətə üstünlük veriblər. ATƏT-in Minsk qrupunun həmsədrləri sanki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə deyil, əksinə münaqişənin müharibəyə çevrilməsinin qarşısının alınması missiyası ilə çıxış edirlər. Hesab edirəm ki, məsələnin bu şəkildə qoyuluşu belə düzgün deyil".