Türkiyədə keçirilən bələdiyyə seçkiləri istər regionda, istərsə də beynəlxalq aləmdə maraqla izlənildi. Belə ki, hələ seçkilərə bir müddət qalmış qardaş ölkədə baş verən proseslər çərçivəsində bir çox siyasi analitiklər, eyni zamanda dünya mətbuatı hakim Ədalət və İnkişaf Partiyasının (AKP -R.R.) məğlub olacağını iddia edirdilər. Bir sıra tərəflər bunu "gəzi parkı", eləcə də digər məsələlərlə bağlı əlaqələndirsələr də, nəticə tamamilə başqa məcraya doğru – Ədalət və İnkişaf Partiyasının qələbəsinə doğru inkişaf etməyə başladı. Bu amil isə bir daha belə qənaətə gəlməyə əsas gətirir ki, Türkiyə iqtidarı həqiqətən də xalqın böyük kəsimi tərəfindən dəstəklənir. Bu dəstək isə əlbəttə ki, seçkilərdəki qələbəni yəmin edən əsas faktor kimi dəyərləndirilməkdədir.
Baş nazir ilk olaraq dövlətin, hökumətin xalq qarşısındakı etimadını doğrultmağa nail oldu
Digər tərəfdən o da qeyd olunmalıdır ki, əldə edilən qələbənin əsas göstəricilərindən biri və ən əsası baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyədə, eləcə də dünyada olan şəksiz populyarlığıdır. Çünki baş nazir, ilk olaraq dövlətin, hökumətin xalq qarşısındakı etimadını doğrultmağa nail oldu. Daha öncələr verilən vədlərin bir çoxu zamanında yerinə yetirildi. Söz yox ki, xalqın böyük əksəriyyəti də məhz buna görə AKP-nin arxasınca getdi.
Digər tərəfdən, xüsusilə Türkiyə müxalifətinin özəyini təmsil edən Cümhuriyyət Xalq Partiyası (CHP), Millətçi Hərəkat Partiyası (MHP), Demokratik Toplum Partiyası (DTP) kimi təşkilatların namizədlərinin ölkənin əsas meqapolislərində qələbə qazanmamalarının səbəbi də bəllidir. İlk öncə qeyd edə bilərik ki, müxalifət partiyaları inandırıcı şüarlarla çıxış edə bilməyiblər. Həmçinin, şüar və çağırışlarda kifayət qədər populizmə yol verilib ki, bu da AKP-nin reallaşdırdığı vədlər qarşısında heç bir səəmərə göstərə bilmədi.
Seçkilər artıq başa çatıb. Müxalifətin seçkilərdə pozuntular və saxtakarlıq iddiaları səslənməsi də öz təsdiqini tapa bilmədi. Çünki dünyanın aparıcı seçki monitorinq təşkilatları da öz müşahidələrini apararkən, saxtakarlıqların baş vermədiyini sübut etdilər. Beləliklə, müxtəlif bəhanələrə rəğmən, hakim partiyanın qələbəsini elan etmək üçün kifayət qədər səs toplaması şübhəsizdir.
Türkiyə Azərbaycandan hər sahədə davamlı dəstək görmüş, bu dəstəyi yüksək dəyərləndirmişdir
Bu arada Türkiyə mətbuatı da seçkilərdəki qələbə ilə bağlı ilginc məqamlara toxunmuş, maraqlı təhlillərlə çıxış etmişdir. Rəcəb Tayyib Ərdoğan seçki nəticələrini korrupsiya işi üzrə istintaq başlayanların üzünə "yenilməz Türkiyənin" vurduğu "Osmanlı silləsi" adlanıdırb.
Qeyd edək ki, guya pozuntularda əli olduğu iddia edilən və az qala bütün hökumət üzvləri və oğlu ilə adı yanaşı hallanan Ərdoğan öz seçkiqabağı nitqində ölkə daxilində və xaricdə olan qüvvələrə mesaj verdi. O, korrupsiya iddiası üzrə araşdırma başlayanların cəzalandırılacağını və bunun "hesabını ödəyəcəklərini" bəyan etdi.
Ərdoğanın seçkisonrası şüarı isə daha diqqətçəkicidir. O, "Artıq əvvəlki Türkiyə yox, yeni Türkiyə var"-deyə vurğulayaraq, ölkənin bundan sonra da inkişaf və tərəqqi edəcəyini bəyan edib.
Artıq belə görünür ki, baş nazirin seçicilərdən aldığı növbəti yeni mandat Türkiyənin bölgədə və İslam dünyasında liderlik iddialarının canlanmasına yeni təkan verib. Seçkilərdən sonrakı nitqində o Fələstin, Misir, Makedoniya, Kosovo və Suriya xalqlarına müraciət edib.
Seçkilərdən bir gün keçmiş Ərdoğanın müşaviri Yigit Bulut onun sözünə güc verərək Türkiyənin "super dövlət" olduğunu deyib: "Artıq heç bir tərəddüd yoxdur, Türkiyə yeni bir super güç olacaq".
Göründüyü kimi, qardaş ölkədəki seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının qələbə əldə etməsi həqiqətən də Türkiyənin beynəlxalq aləmdəki siyasi məsələlərdə söz sahibi olacağını təmin edəcək.
Təbii ki, Türkiyənin tərəqqisi və inkişafı onun siyasi, iqtisadi, sosial, mədəni partnyoru, müttəfiqi olan Azərbaycanın da regiondakı gücünü artırır. Çünki o da sirr deyil ki, qardaş ölkə olaraq, Türkiyə də Azərbaycandan hər sahədə davamlı dəstək görmüş, bu dəstəyi yüksək dəyərləndirmişdir.
Rövşən Nurəddinoğlu