Artıq dünya Xocalı kimi bir faciəni soyqırımı kimi tanımaqdadır. Dünyanın əksər ölkələri, əksər parlamentləri faktlar, sübutlar, sənədlər, canlı şahidlər hesabına Xocalını soyqırımı kimi tanımağa məcbur oldu. Ona görə məcbur oldu ki, bu istiqamətdə dövlət qətiyyətli iş aparmağı bacardı. Və məhz bu qətiyyətin sayəsində, Xocalı dedikdə SOYQIRIMI sözü öz məntiqi yerini tutmağa başlayıb.
Həmçinin, bu reallığı 31 mart tarixinə kökləməyin zamanı çatıb. Hansı ki, "24 aprel" adlı erməni stereotipi yalanlar üzərində bəzi dövlətlər tərəfindən tanınır. Təəssüf ki, olmayan bir tarixi, olmayan bir hadisəni böyük türk dünyasının adına yazmaq, yazdırmaq ermənilərə müyəssər olub. Ancaq bu o demək deyil ki, Azərbaycan öz reallığı ilə bununla barışmalıdır, xeyr, əsla! Əslində, Azərbaycan Xocalını, 31 mart hadisələrini dünyaya tanıtdıqca, "24 aprel" stereotipini, ağ yalanını əzə bilər. Çünki həqiqət hər zaman yalan üzərində qələbə çalıb.
Söz yox ki, "24 aprel" yalanını əzmək üçün Xocalı və 31 mart soyqırımlarını tanıtmaqla yanaşı, Qarabağdan da keçməlidir bu millət! Bu millət Qarabağdan keçməklə, tarixi torpaqlarını azad etməklə öz hüququnu müdafiə etmək əzmindədir. Bu əzmi isə xalqa dövlət verib, dövlət yaradıb! Xalq öz dövlətinə, xalqına inanır, Ali Baş komandanın əmrini gözləyir! Qarabağda zəfər yürüşündən keçmək üçün, Xocalının, 31 martın dünyaya birmənalı olaraq tanıdılması üçün. Çünki bu, həm də bir haqq işidir. Haqqın tapdandığını görüb, onu müdafiə etməmək xəyanətdir, deyib ulu babalarımız.
Erməni gülləsinin, daşnak süngüsünün sümüklər üzərindəki möhürləri
Bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şərəflə və ləyaqətlə addımlayır. Bu addımlar məni, səni, onu Qarabağa, İrəvana doğru aparır. Və əlbəttə ki, bu addımnların altında "24 aprel" adlı utopiya əziləcək. Sübut olunacaq ki, bax ay dünya – zülmə məruz qalmış xalq hansı xalqdır! Sübut olunacaq ki, bax ey bəşəriyyət, Qarabağda, Qubada, Şamaxıda, Bakıda qazıntılar zamanı yenə də insan sümükləri çıxarılır və həmin sümüklərin üzərində erməni gülləsinin, daşnak süngüsünün izləri möhür kimi qalıb.
Bu sübut olunmasa, onda həmin o "24 aprel" stereoptipi bir yoluxucu xəstəlik, mikrob kimi dünyanı bürüyə bilər. Bunun baş verməməsi üçünsə, artıq hücuma keçməyin zamanıdır! Çünki Azərbaycan dövləti, ölkə rəhbərliyi məhz hücum siyasəti nəticəsində qələbələrini qazanır, bundan sonra da qazanacaq, öz doğma xalqı, milləti ilə bir yerdə!