Mark Sukerberg İnterneti fasiləsiz və planetar etmək istəyir

29 Mart 2014 06:25 (UTC+04:00)

"Facebook" sosial şəbəkəsi İnternetin hər yerdə dərhal yayılması üçün pilotsuz uçuş aparatlarından və bir neçə süni peykdən istifadə etmək niyyətindədir.
"Əl-Mühiit" internet portalı ən iri sosial şəbəkənin yaradıcısı Mark Sukerbergin bəyanatındakı bu sözləri sitat gətirir: "Biz İnterneti istifadəçilərə sözün əsl mənasında hava ilə "çatdırmaq" variantları üzərində işləyirik".
M.Sukerbergin sözlərinə görə, onun şirkətinin məqsədi "İnterneti hərtərəfli və ən qısa müddətdə hər bir insan üçün əlçatan etməkdir".
"Facebook" yeni layihə üzərində işə ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) ən yaxşı mütəxəssislərini və Britaniyanın aparıcı şirkətlərindən birinin alimlərini cəlb edib. Onlar günəş enerjisi ilə işləyən pilotsuz uçuş aparatlarının yeni tipi üzərində işləyəcəklər.