"Son 10 gündə bayram süfrəsi üçün lazım olan məhsulların ümumi həcminin qiyməti 15% bahalaşıb". SİA-nın xəbərinə görə, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən bazarlarda eyni məhsul müxtəlif qiymətlərə satılır: "Hazırda ölkə bazarlarında şişirdilmiş və əsasız qiymətlər mövcuddur. Ən dəhşətli qiymət artımları isə qış aylarında yaşandı. Belə ki, bu aylarda 1 ədəd alça 12 manata, 1 ədəd çiyələk isə 7 manata satılıb. Maraqlısı isə budur ki, ölkədə kənd təsərrüfatı məhsullarının saxlanılması üçün çox sayda soyuducu olsa da, əhalinin tələbatının ödənilməsi zaman dəhşətli bahalaşma ilə qarşılaşırıq".
Eyyub Hüseynov bayramla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında neqativ halların yaşandığını deyib: "Bu yarmarkalar kənd təsərrüfatı məhsullarının qiymətinin ucuzlaşması üçün zəruridir, lakin kafi deyil. Çünki, bura nəzarət edənlər yarmarkadan uzaqlaşan kimi məhsulların qiyməti dəyişir və onlar istehlakçılara baha qiymətə təklif olunur".