“Google Drive” şirkəti “bulud” saxlancının qiymətlərini endirib

15 Mart 2014 07:15 (UTC+04:00)

"Google" korporasiyası istifadəçi və müəssisə məlumatlarının öz serverlərində saxlanılması qiymətlərini endirib.

Bildirilir ki, 100 qiqabayt həcmində məlumatın saxlanılması üçün aylıq tarif planının qiyməti 4,99-dan 1,99 dollaradək, 1terabaytlıq tarif planı 49,99-dan 9,99 dollaradək azaldılıb. Şirkətdən bildirilib ki, infrastrukturun müasirləşdirilməsi qiymətlərin azaldılmasına şərait yaradıb.

Bundan başqa, yeni tarif planı istifadəyə verilib. Şirkət 99,99 dollara 10 TB-lıq disk sahəsi təklif edir.

"Google" qiymətləri aşağı salmaqla rəqib xidmətlərdən əlavə istifadəçi cəlb etməyə ümid edir. Şirkət "Gmail" elektron poçt xidmətinin təqdim edilməsi zamanı istifadə etdiyi strategiyaya üstünlük verir: o zaman məktublar üçün böyük disk sahəsi təqdim etməklə xeyli "Yahoo!" və "Hotmail" istifadəçilərini cəlb edib.

Müqayisə üçün, 200 milyondan çox insanın istifadə etdiyi populyar "Dropbox" xidməti yalnız 2 qiqabayt disk sahəsini ödənişsiz təklif edir. 100 qiqabayt disk sahəsi üçün aylıq ödəniş 9,99 dollar təşkil edir.

"Microsoft" korporasiyası isə öz növbəsində ödənişsiz 7 QB disk sahəsi təklif edir.