Xəzər hövzəsi: geosiyasi qüvvələr nisbətinin dörd səviyyəsi ANALİZ

14 Mart 2014 19:14 (UTC+04:00)

Dünyanın diqqəti Yaxın Şərq və Ukraynaya yönəldiyi bir vaxtda Xəzər hövzəsindəki geosiyasi vəziyyət arxa plana keçmiş kimi görünür. Lakin bu region hələ də qlobal geosiyasət üçün aktual olaraq qalır. Hətta son zamanlar həmin məkanla əlaqədar maraqlı hadisələr baş verir. Müxtəlif səviyyələrdə özünü göstərən geosiyasi mübarizə meydana yeni məqamlar çıxarır. Bu proseslərin bütövlükdə Xəzər hövzəsini hansı vəziyyətə doğru apardığını proqnozlaşdırmaq çətindir.

Enerji və status: Xəzər iki faktorun məngənəsində

Xəzər hövzəsinin geosiyasi aktuallığı son 20 ildə heç zaman azalmayıb. Dünyanın böyük dövlətlərinin bu məkan uğrunda mübarizəsi müvəqqəti olaraq hansısa dönəmdə zəifləsə də, ümumilikdə gərginliyini saxlayıb. O cümlədən, "Ərəb baharı" Xəzər məsələsini müəyyən dərəcədə kölgəyə atsa da, qlobal geosiyasət üçün onun əhəmiyyəti zərrə qədər də azalmayıb. Region ilə bağlı güclü dövlətlər öz siyasətlərini bütün intensivliyi ilə davam etdirirlər.

Bu problem özünü daha çox SSRİ-nin dağılmasından sonra müstəqil dövlətlərin meydana gəlməsi və Xəzər hövzəsindəki enerji daşıyıcılarının istismarı ilə əlaqədar göstərməyə başladı. Qərb buradakı neft və qaz ehtiyatlarını Rusiya və İrandan yan keçməklə nəql etmək planları üzərində işlədi. Moskva və Tehran isə öz maraqlarını təmin etməyə çalışdılar (bax: Сергей Жильцов. Каспийский регион как геополитическая проблема современных международных отношений: 90-е годы XX века. Moskva, 2004). Son illər Çin bu mübarizəyə aktiv surətdə qoşulub və bir neçə aspektdə uğurlar əldə edib. Bununla da Xəzər məsələsi faktiki olaraq bir neçə böyük geosiyasi gücün mübarizə meydanına çevrilib. Onları aşağıdakı kimi qruplaşdırmaq olar.

Birinci, Qərb və Rusiyanın regionun enerji ehtiyatları uğurunda geosiyasi rəqabəti. İkinci, qlobal geosiyasi güclərlə regionun böyük dövlətlərinin nüfuz uğrunda apardıqları mübarizə. Üçüncü, Çinin Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji ehtiyatları uğrunda mübarizəyə başlaması. Dördüncü, bu hövzədə yerləşən ölkələrin öz geosiyasi və energetik maraqlarını qorumağa çalışması. Region faktiki olaraq bir-biri ilə kəsişən bu qruplar arasındakı siyasi, diplomatik və bəzən hərbi rəng alan rəqabətin meydanına çevrilib (bax: Сергей Жильцов. Нефтегазовая схватка в Центральной Азии / "Независимая газета", 11 iyun 2013).

XX əsrin 90-cı illərindən bu yana keçən müddətdə baş verən hadisələr göstərdi ki, Xəzərin hüququ statusunun müəyyənləşdirilməsi həmin məkanda əsas mövzulardan biri olub. Bunun fonunda böyük dövlətlər hövzədə hərbi varlığını gücləndirmək istiqamətində konkret addımlar atıblar. Başqa bir məsələ enerji marşrutlarının istiqamətləri ilə əlaqədar olub. Bu aspektdə də kifayət qədər gərgin anlar meydana gəlib. Nəticədə, hər iki məsələ üzrə tərəflərin mübarizəsi hələ də davam edir və öz gərginliyini saxlayır. Deyək ki, "Nabukko" layihəsinin iflasa uğramasını rusiyalı ekspertlər "Xəzərdə Avropa İttifaqının siyasətinin iflası" kimi qiymətləndiriblər (bax: Игорь Зонн, Сергей Жильцов. Три "Транса" в трансе / "Независимая газета", 10 sentyabr 2013).

Bu məqam yuxarıda qeyd etdiyimiz bütün qruplarda özünü göstərib. Qərblə Rusiyanın regionun enerji ehtiyatları uğrunda mübarizələri daha çox neft və qazın nəqli marşrutları ilə bağlı özünü büruzə verib. Xəzər hövzəsi ölkələri daima bu savaşın gərginliyini hiss ediblər. Qərbin irəli sürdüyü müxtəlif enerji marşrutları layihəsini Moskva tənqid edib və onların reallaşacağı təqdirdə regionun arzuolunmaz siyasi, iqtisadi, hərbi və ekoloji problemlərlə qarşılaşacağı xəbərdarlığını edib (bax: Fatih Özbay. Hazar'da Güvenlik İkilemi ve Silahlanma Yarışı / Hazar Strateji Enstitüsü, "Hazar raporu", 24 oktyabr 2013).

Maraqlıdır ki, həmin layihələrdən Azərbaycanın aktiv dəstək verdikləri reallaşa bilib. Məsələn, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) neft-qaz kəməri layihələrinin həyata keçməsi bunu təsdiq edir. Şübhəsiz ki, bu sırada Qazaxıstan və Türkmənistanın da maraqlarının nəzərə alındığını unutmaq olmaz.

Həmin kontekstdə Tehranın daim bu layihələrə qarşı çıxdığını demək lazımdır. Müəyyən dövrlər İran bəzi region dövlətlərini hətta hərbi güc ilə hədələdi. Moskva ilə bərabər Tehran da Xəzərdə dəniz donanmasını gücləndirdi (bax: Александр Князев. Иран усиливает меры безопасности на Каспии / "Независимая газета", 30 sentyabr 2013). Buna uyğun olaraq regionun digər dövlətləri, Qazaxıstan, Azərbaycan və Türkmənistan həmin istiqamətdə müəyyən addımlar atmalı oldular. Nəticədə, Xəzər hövzəsinin təhlükəli şəkildə silahlanması problemi də yarandı.

Geosiyasi rəqabətin dinamikası: qeyri-müəyyənlik və risklər çoxalır

Bu kimi proseslər qlobal geosiyasi güclərlə regionun böyük dövlətlərinin Xəzər uğrunda mübarizəsini xeyli intensivləşdirdi. ABŞ, Rusiya, İran və Türkiyə müxtəlif yollarla regionda nüfuzlarını yüksəltməyə çalışdılar. ABŞ və Rusiya bütün sahələr üzrə diqtə etmək məqsədi güdürlərsə, İran Xəzərin su və enerji ehtiyatlarından daha çox pay almağa, Türkiyə isə regionla müxtəlif istiqamətdə inteqrasiyaya üstünlük verir. Bütün hallarda bu ölkələr arasında Xəzər hövzəsi ilə əlaqədar rəqabət səngimək bilmir (bax: Андрей Казанцев.Центральноазиатско-Каспийский регион: конфликт разнонаправленных тенденций / Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDBMİ(U)-nin internet portalı, 6 yanvar 2014).

Onların apardıqları mübarizəyə Pekinin aktiv surətdə müdaxilə etməsi geosiyasi mənzərəyə yeni rəng verdi. Çin əsas olaraq sərmayə yatırımı və mədəniyyətlə bölgəyə nüfuz etməyə başladı. Etiraf etmək lazımdır ki, qısa müddətdə o, ciddi nəticələr əldə etdi. Hazırda Pekin Mərkəzi Asiyada Moskva və Vaşinqtonun əsas geosiyasi rəqibidir. Bu əsasda onun Xəzərin enerji ehtiyatlarına olan iddiasının da artdığına şübhə yoxdur.

Nəhayət, sonuncu qrupda hövzə ətrafında yerləşən dövlətlərin mübarizəsi yer alır. Burada Azərbaycan və Qazaxıstanın mövqeyi ilə Türkmənistan və İranın iddialarının uyğun gəlməməsi diqqət mərkəzində olub. Rusiya Xəzərin statusu ilə bağlı Qazaxıstan və Azərbaycanla sazişlər imzalasa da, problemin bütövlükdə həllinə nail olmaq istiqamətində konkret addımlar atmayıb. Belə görünür ki, Moskva ayrı-ayrı müstəvilərdə hövzə ölkələrinin hər biri ilə həm ortaq fikirdə olub, həm də onlardan fərqlənən mövqeyini saxlayıb. Regionun ən böyük və güclü dövlətinin bu qeyri-müəyyən davranışı bütövlükdə hövzədə geosiyasi gərginliyə yol açan faktorlardan olub.

Bu cür faktorlar sırasına indi bir tərəfdən Rusiya ilə İranın, digər tərəfdən isə Çinin Xəzərdə öz geosiyasi maraqlarını daha qabarıq müdafiə etməyə başlaması əlavə olunub. Tehran son dövrlərdə Moskvanın enerji və mədəniyyətlə bağlı siyasətinə müqavimətini artırıb. Məsələn, Ermənistanla Kremlin imzaladığı qaz müqaviləsinə İran etirazını bildirmişdi. Öz növbəsində, Rusiya Şimali Qafqazdakı dini qruplara İranın təsirini artırmaq istiqamətində atdığı addımları müsbət qarşılamır. Ayrıca, İranın Mərkəzi Asiyaya təsirini çoxaltması diqqətdən yayınmır.

Çin faktoru isə daha geniş mənada Rusiya və İranın rəqibinə çevrilib. Pekin artıq Mərkəzi Asiyada iri energetik, iqtisadi və mədəni (xüsusilə, dil sahəsində) layihələri həyata keçirir. Son bir ildə Çin rəsmi şəxslərinin bu regiona səfərləri xeyli intensivləşib. İndi bu dövlətin Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatı və enerji daşıyıcıları sahələrinə 50 milyard ABŞ dolları miqdarında sərmayə qoymağa hazırlaşdığından danışılır. Şübhə yoxdur ki, bu məqam Xəzər hövzəsində yeni ciddi geosiyasi oyunçunun mövcudluğu nəticəsini çıxarmağa əsas verir.

Xəzər hövzəsi uğrunda geosiyasi mübarizəyə ABŞ-ın Əfqanıstandan hərbi qüvvəsini çəkməsinin xeyli dərəcədə təsir edəcəyi haqqında ekspertlər fikir söyləyirlər. Bu zaman diqqət əsas olaraq terror, dini radikalizm və narkotik maddələrin qanunsuz dövriyyəsi məsələsinə yönəlir. Həmin təhlükələrin ilk olaraq Mərkəzi Asiya regionuna yönələcəyini proqnozlaşdırılır. Bu, bütövlükdə Xəzər hövzəsində vəziyyətin ağırlaşması anlamına gəlir. Belə bir şəraitdə bu məkanda müsbət geosiyasi proseslərin gedəcəyinə ümid etmək xeyli risklidir.

Son olaraq Ukrayna hadisələrinin Xəzər hövzəsindəki geosiyasi vəziyyətə təsirini vurğulamağa ehtiyac görürük. İlk baxışdan coğrafi baxımdan uzaqda olan bu ölkədə cərəyan edən hadisələrin Xəzərə hansı təsiri ola biləcəyini düşünmək mümkündür. Lakin nəzərə alaq ki, Ukrayna hadisələri prinsipcə Avropa İttifaqı ilə Avrasiya inteqrasiya modelinin ümumi səviyyədə rəqabətindən yaranıb. Xəzər hövzəsində yerləşən dövlətlərin demək olar ki, hamısı (İran da birbaşa olmasa da, dolayısı ilə bu prosesə qoşulub) Rusiyanın Avrasiya inteqrasiya planına daxildir. Bu səbəbdən, Kiyevdə hansı geosiyasi gücün üstün gəlməsindən asılı olaraq Xəzər hövzəsində də vəziyyət bu və ya digər istiqamətdə dəyişə bilər.

Yuxarıdakı fikirlərdən belə görünür ki, Xəzəryanı hövzədə geosiyasi proseslər hələlik müsbət nəticələrin ola biləcəyi haqqında düşünməyə əsas vermir. Bütün səviyyələrdə gedən kəskin rəqabət və gərgin mübarizə xeyli sayda problemlər meydana çıxarır. O cümlədən, böyük geosiyasi güclərin nüfuz uğrunda güzəştsiz və amansız savaşı vəziyyəti mürəkkəbləşdirir. Bu cür gedişatın sonu görünmür.

Newtimes.az