Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nəzdində Kapital Bazarı üzrə Təlim Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk olaraq çıxış edən komitənin sədri Rüfət Aslanlı ölkədə Kapital Bazarları üzrə ixtisaslaşmış Təlim Mərkəzi olduğunu qeyd edərək, qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi, maliyyə vasitəçilərinin, ümumilikdə kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Komitə sədri Təlim Mərkəzinin açılışının Azərbaycan Hökuməti, Dünya Bankı və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsinin komponentlərindən biri olan kapital bazarı üzrə ictimaiyyət arasında savadlılığın artırılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirdiyini vurğulayıb.
Daha sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, SECO regional direktor müavini Matthias Feldman çıxış edərək Azərbaycanın qiymətli kağızlar bazarında aktivliyin və yerli kapital bazarının xarici təcrübədən yararlanaraq beynəlxalq standartlara uyğunlaşdırılmasında Təlim Mərkəzinin yüksək potensialını qeyd ediblər.
Sonra Kapital Bazarları üzrə Təlim Mərkəzi haqqında video-çarx nümayiş olunub.
Tədbirin davamında Təlim Mərkəzinin direktoru Cəmilə Məmmədova çıxış edərək mərkəzin ümumi fəaliyyəti, tədris strategiyası, təlim proqramlarının xarici təcrübə əsasında hazırlanması barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, mərkəzin yaradılmasında əsas məqsəd təlim proqramlarını ən yüksək səviyyədə təqdim etməklə Azərbaycanın qiymətli kağızlar bazarının intensiv və savadlı inkişafının stimullaşdırılmasıdır: "Mərkəz QKDK CMMP layihəsinin dəstəyi ilə yaradılıb və qeyri-kommersiya təşkilatıdır. Eyni zamanda Azərbaycanda qiymətli kağızlar bazarı üzrə ixtisaslaşmış mərkəzdir. Təlimlərin əsas xüsusiyyətləri dünya təcrübəsi ilə sintez olunan proqramları, eləcə də yerli bazarın incəliklərinin nəzərə alınmasıdır. Təlimlər 3 istiqamətdə- peşəkar, başlanğıc və ixtisaslaşmış formada aparılacaq".
Tədbirin yekununda Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə "İnvest AZ" MMC arasında anlaşma memorandumu imzalanıb.
Sonda KİV nümayəndələri və tədbir iştirakçılarının sualları cavablandırılıb.