Universitetlərin uğurları və üzə çıxan problemlər

7 Mart 2014 18:02 (UTC+04:00)

Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsilin inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olunub, uğurlara imza atılıb. Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları əsasında ölkəmizin bütün bölgələrində ümumtəhsilin infrastrukturu müasir dövrün tələblərinə uyğun qurulub. Statistik rəqəmlərə əsasən demək olar ki, yalnız son on ildə 2500-ə yaxın təhsil ocağı tikilərək istifadəyə verilmişdir. Bunun fonunda təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Demək olar ki, bütün ümumtəhsil məktəblərində, eləcə də ali təhsil ocaqlarında şagird və tələbələrin ehtiyaclarını ödəyən kompüter sistemləri yaradılmışdır. Ali təhsil ocaqlarında təhsilin keyfiyyətinin müasir dövrün tələblərinə cavab verən formada yaradılması üçün hüquqi baza yaradılmışdır. Xüsusilə də, Boloniya bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi təhsil müəssisələrində informasiya və elmi-metodiki təminatı, ucqar kəndlərdə kadr potensialının yaradılması və peşə təhsil xidmətlərinin müasir dövrün tələbləri səviyyəsində qurulması üçün əhəmiyyətli proqramlar qəbul edilərək həyata keçirilməkdədir. Əldə olunan uğurların nəticəsi olaraq, Birləşmiş Millətlər Təşkilatının 2012-ci il üçün hazırladığı "İnsan İnkişaf Hesabatı"na əsasən, Azərbaycan 2007-ci illə müqayisədə 42 pillə irəliləyərək, 183 ölkə arasında 101-ci yerdən 59-cu yerə yüksəlmişdir. Bununla da, Azərbaycan orta inkişaf qrupundan yüksək inkişaf qrupuna daxil olmuşdur.

Universitetlərdə təhsilin vəziyyəti

Təbii ki, əldə olunan uğurlar fonunda yeniliklərin tətbiq edilməsi müəyyən nöqsanların və problemlərin üzə çıxmasına gətirib çıxarır. Xüsusilə də, bu cür hallar ali təhsil ocaqlarında rast gəlinir. Boloniya sisteminin tətbiq edilməsi və imtahanların kompüter sistemi ilə verilməsi tələbələr arasında müəyyən çətinliklər yaradıb. Çünki bütün hallarda yazılı imtahanların verilməsinə öyrəşən tələbələr yeniliklərə uyğunlaşmaqda çətinlik çəkirlər. Əsasən də, kəsirlər yaranan zaman müəyyən ödənişlərin edilməsi tələbələri maddi problemlərlə üz-üzə qoyur. Araşdırmalara əsasən demək olar ki, bəzi universitetlər bəzən tələbələrin üzləşdiyi bu cür problemlərin aradan qaldırılmasına cəhd göstərmir. Bəzi tələbələr ilişkilərin yaradılmasını rüşvət alınması üçün süni maneə olduğunu iddia edirlər. Hətta mətbuatdan da məlum olduğu kimi, iddialarını açıq şəkildə jurnalistlərə bildirən tələbələr də olur. Bakı Dövlət Universitetində baş verən son olayları buna misal olaraq göstərmək olar. Universitet rəhbərliyi yeni qaydaların mahiyyətini dolğun şəkildə tələbələrə çatdıra bilmədiklərindən, nəticədə, tələbələr arasında bu məsələ ilə bağlı qeyri-müəyyənlik yarandı. Bundan istifadə edən məkrli pozucu qüvvələr isə öz çirkin məqsədlərini həyata keçirməklə Bakı Dövlət Universitetində tələbə narazılığı yaratmağa cəhdlər göstərdilər. Müsbət haldır ki, aydın düşüncəyə malik tələbələr bu cür pozucu qüvvələrin qərəzli təbliğatına uymadılar. Amma bununla belə, imtahanlarqabağı bəzi universitetlərdə müəyyən qədər gərginliyin olduğu müşahidə edilir.

Qasım Məmmədov: "Narazılığın olması mümkün deyil"

Söhbət etdiyimiz Azərbaycan Neft Akademiyasının tərbiyəvi işlər üzrə prorektoru Qasım Məmmədov universitetdə tələbələrlə müəllimlər arasında səmimi münasibətlər olduğunu qeyd etdi. Bildirdi ki, imtahanlar kompüter sistemi əsasında həyata keçirildiyindən, burada rüşvət alıb-verilməsi hallarının baş verməsi qeyri-mümkündür: "Tələbələr imtahanın nəticələrindən narazı qaldığı halda, universitetdə yaradılan "qaynar xətt"ə müraciət edə bilərlər. Komissiya narazılığı araşdırır və bununla bağlı müvafiq qərar qəbul edir. Bu baxımdan, imtahan prosesi ilə bağlı tələbələr arasında hər hansı bir narazılığın olması mümkün deyil".

Q.Məmmədov tələbələrin sosial-məişət problemlərinin həlli ilə bağlı universitetin daxili imkanları hesabına müvafiq addımların atıldığını da bildirdi: "Universitetin yataqxana şəhərciyində yeddi bina var ki, onun da altısında erməni işğalı nəticəsində ev-eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlər məskunlaşıblar. Cəmi bir bina tələbələrin istifadəsindədir. Bu binada əcnəbi və ehtiyacı olan imkansız azərbaycanlı tələbələr yerləşdirilib".

Nəsimi Qasımov: "Məqsəd tədris prosesində qarşıya çıxan problemlərin həllinə nail olmaqdır"

Azərbaycan Tibb Universitetinin tədris hissə müdiri, dosent Nəsimi Qasımov ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərinə uyğun olaraq universitetdə bu iş üzrə maarifləndirmə işləri aparıldığını bildirdi: "Müəllimlə tələbələr arasında görüşlər keçirilir. Məqsəd tədris prosesində qarşıya çıxan problemlərin həllinə nail olmaqdır. İmtahanlar kompüter sistemi əsasında aparılır və tələbə imtahanları verdikdən dərhal sonra nəticələri öyrənir. Universitetdə "qaynar xətt" fəaliyyət göstərir, amma bununla bağlı "qaynar xətt"ə şikayət daxil olmayıb".

N.Qasımovun sözlərinə görə, Azərbaycan Tibb Universitetinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test əsasında aparılır. Bununla belə, tələbənin qəbulu ilə bağlı ildə bir dəfə universitetdə yoxlama aparılır: "Xaricdən universitetə qəbul olunan əcnəbilər bir il hazırlıq keçdikdən sonra imtahan verərək birinci kursa qəbul olunurlar. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin ATU-ya köçürülməsini Prezident Administrasiyasında yaradılan təhsil komissiyası tərəfindən araşdırılır və bununla bağlı müvafiq qərar qəbul olunur. Bu il cəmi 8 nəfər xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşı olan tələbə tibb universitetinə köçürülüb".

N.Qasımov onu da bildirdi ki, tələbələrin asudə vaxtlarının səmərəli keçirməsi üçün universitet tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Universitetin nəzdində 56 yaşı olacaq "Çinar" rəqs ansamblı fəaliyyət göstərir. Ansamblın 30 üzvü var, bununla belə, 30 tələbənin də ansambla üzv olması üçün hazırlıq işləri aparılır: "Nabranda "Şəfa" istirahət zonası fəaliyyət göstərir. Hər il 200-ə yaxın tələbə istirahət zonasında dincəlir. Eyni zamanda, universitetdə 17 idman növü üzrə 300-dən çox tələbə məşq edir və aldıqları idman təcrübəsi sayəsində müxtəlif idman yarışlarında universiteti təmsil edirlər. Bu baxımdan, ATU 11 dəfə universitetlərarası idman olimpiadasının qalibi olub".

Elnur Nağızadə özünü çox böyük adam hesab edir

Mövzu ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin də mövqeyini öyrənməyə çalışdıq. Təəssüflər olsun ki, bu şəxs telefon zənglərimizə cavab verməməklə ənənəvi ampluasından əl çəkmədiyini nümayiş etdirdi.

Malik Cəbrayılov: "Şəhid ailələrinin və valideyn himayəsindən məhrum olmuş uşaqları təhsil haqqından azaddırlar"

TQDK-nin mətbuat xidmətinin rəhbərindən fərqli olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov suallarımıza böyük həvəslə və məmnunluq hissilə cavab verdi. Bildirdi ki, pedaqoji universitetdə təhsil alan şəhid ailələrinin və valideyn himayəsindən məhrum olmuş uşaqları təhsil haqqından azaddırlar: "Tələbələrin dərslərdən sonra asudə vaxtlarını səmərəli keçirmələri üçün onlar arasında müəyyən idman yarışları təşkil olunur. Konsert proqramları, ədəbi-bədii konfranslar keçirilir. Xalqımızın milli bayramı olan Novruz bayramı ilə əlaqədar martın 17-də Novruz şənliklərinin keçirilməsi nəzərdə tutulur".

M.Cəbrayılovun sözlərinə görə, tələbələr imtahanlarını kompüter vasitəsilə verirlər. Bu halda müəllimlər və tələbələr arasında təmasın qurulması qeyri-mümkündür. İmtahanlara nəzarəti isə qeyri-ixtisas müəllimlərin, yəni koordinatorlar həyata keçirirlər: "Təhsildə Boloniya sisteminin tətbiqi tələbələrə stimul verilməsinə hesablanıb. Yəni pis oxuyan tələbə yaxşı oxuyan tələbədən fərqləndirilir. İmtahanların nəticələri ilə bağlı narazı qalan tələbə apellyasiya şikayəti verə bilər. Eyni zamanda, universitetdə "qaynar xətt" də yaradılıb. İmtahan prosesinin gedişindən razı qalmayan tələbə "qaynar xətt"ə də müraciət edə bilər. Ümumilikdə götürsək, universitetimizdə müəllimlə tələbə arasında səmimi münasibətlər mövcuddur. Hər kəs başa düşür ki, dövlətin həyata keçirdiyi təhsil siyasəti cəmiyyətdə daha savadlı və bilikli kadr potensialının yetişdirilməsidir".

Bir sözlə, bizim mövqeyimizə və bəzi universitet rəhbərlərinin qeyd etdikləri fikirlərə əsasən, demək olar ki, Azərbaycanda təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır və müəyyən tədbirlər görülməkdədir.

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.