Geosiyasi savaşlar Ukraynadakı proseslərin fonunda

7 Mart 2014 11:45 (UTC+04:00)

Z.Bjezinski 1998-ci ildə "Böyük şahmat taxtası"nda yazırdı: "Ukraynasız Rusiya imperiya ola bilməz. Ukrayna bu ölkənin gələcək evolyusiyası üçün olduqca əhəmiyyətlidir"

Bu gün dünyada geosiyasi oyunların çox sürətlə cərəyan etməsi və hadisələrin hər gün yeni bir istiqamətə düşməsi müasir beynəlxalq münasibətlər sistemini tamamilə mürəkkəbləşdirir. Xüsusilə də, 1991-ci ildə SSRİ-nin rəsmən parçalanmasından sonra bir tərəfdə qlobalistlər, digər yanda isə anti-qlobalistlər arasında başlanan geosiyasi və geoiqtisadi mübarizə dünyadakı dualizmi aradan qaldırdı. Artıq planetin sözünü deyə bilən və ABŞ-ın təkqütblü dünya formalaşdırmaq ideyasına qarşı çıxanların sırasında Rusiya, Çin, Hindistan, Braziliya, İran, hətta, bir çox hallarda addımlarının sinxronlaşdığını aydın şəkildə gödüyümüz Fransa və Almaniya da yer aldı. Bununla da, geostrateji hədəflər uğrunda qlobal siyasi-diplomatik "savaşlar" start götürdü.

Qlobal oyunların mərkəzi Avrasiyadır

Əlbəttə ki, bu gün aparılan bütün geosiyasi və geoiqtisadi oyunların episentrində Avrasiya geostrateji məkanı durur. Avrasiya dünya hegemonluğu uğrunda aparılan mübarizənin mərkəzidir və burada geosiyasi maraqların strateji baxımdan idarə edilməsi üçün geostrateji oyunlar qurulur.

Xatırladaq ki, hələ 1940-cı ildə - dünya hegemonluğu naminə başladılan İkinci Dünya Müharibəsi illərində Hitlerlə Stalin arasında əldə edilmiş gizli sazişin əsas fəlsəfəsi məhz, ABŞ-ın Avrasiyadan uzaqlaşdırılması idi. Çünki, hər iki qlobal liderliyə iddialı başa düşürdü ki, Avrasiyanın üçüncü bir ölkə tərəfindən nəzarətə alınması ilə onların hər birinin hegemonluğunun sonu olardı. Bu mənada, demək olar ki, Avrasiya dünyanın geostrateji mərkəzidir və buranı idarə edən güc bütün planetə nəzarət etmiş olar. Məhz, bu gün dünya gücləri arasında gedən savaşın Avrasiyada baş tutduğunu və əsas məqsədin elə bütün dünyanı idarə etmək olduğunu bir daha görürük.

Avrasiyanın geostrateji mərkəzləri...

Əlbəttə ki, Avrasiya məkanında gedən geosiyasi savaşlar ümumi prizmada götürülmür. Aydındır ki, Avrasiyanı idarə etmək üçün mütləq onun geostrateji mərkəzlərilə əlaqələr qurulmalı və maraqlar bucağı eyniləşdirilməlidir. Əgər hər hansı bir geostrateji mərkəz hegemonluq uğrunda geosiyasi oyunların başında duran güclərin maraqlarını artikulyasiya edib, axına qarşı getmirsə, ozaman orada sabitlik və inkişaf hökm sürür. Lakin qlobal aktorların geosiyasi oyunlarını pozmağa və daha çox güclərin maraqlarının kəsişdiyi mərkəzlər savaş meydanına çevrilir. Elə Rusiyanın iqtisadi və maliyyə baxımından dirçəldiyi 2000-ci ildən sonra Avrasiya məkanında siyasi mübarizə ilə yanaşı böyük müharibələrin də şahidi olduq. Belə olan təqdirdə sual yaranır: bəs, bu gün hegemonluq uğrunda savaşan güclər hansı geostrateji mərkəzlər naminə döyüşür?

Qeyd edək ki, hələ 1998-ci ildə məhşur siyasi texnoloq Zbiqnev Bjezinski "Böyük şahmat taxtası" kitabında yazırdı ki, bu gün Avrasiyanın yeni siyasi xəritəsində dünyada qlobal miqyasda mühüm rol oynayan 5 geostrateji oyunçu və 5 geostrateji mərkəz var: "Fransa, Almaniya, Rusiya, Çin və Hindistan, eyni zamanda, bu sıralamaya daxil olmayan, Böyük Britaniya, Yaponiya və İndoneziya geostrateji oyunçular, Ukrayna, Azərbaycan, Cənubi Koreya, Türkiyə və İran geostrateji mərkəzlər qismində çıxış edirlər".

Bu gün Avrasiya geostrateji məkanında cərəyan edən geosiyasi oyunlarda adları çəkilən aktorların aktiv iştirakını sezirik. Əlbəttə ki, bu oyunlarda təkqütblü dünya formalaşdırmaq ideyasını reallaşdıran ABŞ isə bu geostrateji oyunçuların bəzilərini də öz planlarına daxil edib. Beləliklə də, müasir beynəlxalq münasibətlər sistemində geostrateji mərkəzlər uğrunda savaş əsasən, ABŞ-Fransa-Almaniya-Britaniya və Rusiya-Çin arasında gedir.

Geostrateji oyunçuların hədəfləri və planları

Sözsüz ki, bu gün Ukraynada, Gürcüstanda və digər ölkələrdə baş verən siyasi hadisələrin əsil səbəblərini aydınlaşdırmaq üçün geostrateji oyunçuların hədəfləri və planlarına diqqət yetirmək lazımdır. Qeyd edilməsi vacibdir ki, bu gün dünyada qlobal hegemonluğa real namizəd yeganə aktor ABŞ-dır. Bu səbəbdən də, planetin istənilən nöqtəsində cərəyan edən siyasi-hərbi olayların arxasında bu dövlətin maraqlarının durması heç kəsdə şübhə oyatmır.

Lakin Avrasiya geostrateji məkanında yerləşən adları çəkilmiş oyunçular yalnız yerləşdikləri platforma naminə mübarizə aparırlar. Amma bu da faktdır ki, Avrasiyaya nəzarət etmək şansı və imkanları Fransa, Almaniya, Çin və Hindistandan daha çox Rusiyaya məxsusdur. Bu ölkənin həm təbii resurslarının zənginliyi, həm ərazisinin böyüklüyü, həm də Avropa və Asiya ölkələrini asılı vəziyyətə sala biləcək qaz, neft və su resurslarının genişliyi imkan verir ki, Avrasiya lideri statusuna yiyələnsin. Ancaq o da bəllidir ki, bu gün Rusiya Avrasiyanın nəzarət nöqtələri olan geostrateji mərkəzlərilə əlaqəsi lazımi səviyyədə deyil.

Nəzərə alsaq ki, bu gün Çin və Hindistan yalnız sabit və dinamik inkişafı əsas geosiyasi istiqamət kimi götürüb və regional güc olmaq iddiasını reallaşdırır. Artıq bu gün cənub-şərqi Asiyada Çinin və Hindistanın nəzarətində olan ölkələr müəyyənləşib. Hətta, regional söz sahibi olmağa iddialı olan İndoneziya belə Çinin təsiri altındadır. Pekin bəzi hallarda iqtisadi və sosial layihələrlə Mərkəzi və Orta Asiyanı da nəzarətə götürməyə cəhd göstərsə də, hər dəfə Rusiyanın və ABŞ-ın "qıcanmış dişlərini" görüb.

Bununla yanaşı, Avropada söz sahibi olan Fransa, Almaniya və Britaniyanın da iddiaları "qoca qitə"dən kənara çıxmır. Çünki, onların həm resurs baxımından asılılığının olması, həm də NATO pərdəsi arxasında ABŞ-ın müttəfiqləri kimi davranmaları onlara yalnız regional güc statusundan artığını vermir.

Göründüyü kimi, Avrasiya geostrateji məkanının əsas aktorları arasında yalnız Rusiyanın qlobal liderliyə iddiası real görünür. Lakin qeyd etdiyimiz kimi, imperiya iddiaları Moskvaya imkan vermir ki, geostrateji mərkəzlərlə "yumşaq dildə" danışsın, əlaqələr qursun. Rusiyanın problemləri güc vasitəsilə həll etməyə çalışması onun qlobal liderlik statusu almasına mane olur. Elə 2008-ci il Gürcüstan nümunəsi buna əyani sübutdur.

Digər tərəfdən, Rusiyanın geniş resurslara malik olması ABŞ-ı da qlobal hegemonluq iddiasında sıxışdıra bilər. Bu səbəbdən də, daha çox geoiqtisadi və geosiyasi rıçaqlardan istifadə edən Vaşinqton Rusiyanın regional güc statusundan yuxarı qalxmasına imkan vermək istəmir. Əlbəttə ki, eyni hədəfi Rusiya da qarşısına qoyub və onun Yaxın Şərqdə, Şimali Afrikada, son günlər ərzində isə keçmiş postsovet məkanında ABŞ-a qarşı durması söylənilənləri təsdiqləyir. Amma açıq-aşkar görünür ki, Rusiya ABŞ-ın iddiaları qarşısında tab gətirə bilmir, buna görə də, Moskva tez-tez "geosiyasi alver" variantına əl atır. Bəlkə də, bu günə qədər dünyanın strateji təsir dairələrinə bölüşdürülərkən Rusiyaya imkan verilmişdi ki, MDB məkanında lider olsun. Amma son hadisələr – Moskvanın Vaşinqtonun İraq, Əfqanıstan, İran, Suriya, Şimali Afrika "əməliyyatlarına" mane olması bir daha göstərir ki, ABŞ güzəşt imkanlarının üstündən xətt çəkib. Bu səbəbdən də, bu gün postsovet məkanında hakimiyyət çevrilişləri səhnələrinə şahid oluruq.

Geostrateji mərkəzlərin əsas xüsusiyyətləri

Qeyd edildiyi kimi, geostrateji oyunçularla yanaşı Avrasiyanın taleyini özündə cəmləşdirən geostrateji mərkəzlər də var və bunların sırasında Ukrayna, Azərbaycan, Cənubi Koreya, Türkiyə və İran durur. Sual oluna bilər ki, nə üçün məhz, bu ölkələr Avrasiya geostrateji məkanının "heartland"ləridir? Cavab çox sadədir:

- Azərbaycan bu gün Avrasiyada enerji təhlükəsizliyi və qlobal əməkdaşlıq mərkəzi kimi geoiqtisadi və geosiyasi proseslərin mərkəzində yer alıb. 1994-cü ildə "Əsrin müqaviləsi"nin və 2013-cü ildə XXI əsrin sazişinin imzalanması ilə Azərbaycan Avropa qitəsinə gedən neft-qaz kəmərləri vasitəsilə "açar aktor statusu"nu qazandı. Eyni zamanda, iki geostrateji mərkəzin - Azərbaycan və Türkiyənin təşəbbüsü ilə reallaşdırılan, Yaponiya ilə Britaniyanı, yəni bütövlükdə Avrasiya geostrateji məkanını iqtisadi baxımdan bir-birinə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əsas sahiblərindəndir. Bununla yanaşı, Azərbaycan həm karbohidrogen ehtiyatların nəqli, həm də nəqliyyat-logistika layihələrinin reallaşması üçün bir stabil "körpü"dür.

Avrasiyanın geostrateji mərkəzi kimi Azərbaycan transmilli layihələrilə Xəzər-Qara-Aralıq-Baltik hövzəsi ölkələri arasında iqtisadi və təhlükəsizlik kəməri formalaşdırır. Məhz, Azərbaycanın bu və digər üstünlüklərinə görə, geostrateji mərkəz kimi diqqət cəlb edir. Lakin Azərbaycanda mövcud olan siyasi hakimiyyətin balanslaşdırılmış xarici siyasəti, intiutivlikdən uzaq praqmatik və rasional qərarları ilə bu geostrateji mərkəz sabit olaraq qalmaqdadır. Qlobal hegemonluq uğrunda gedən savaşda isə Azərbaycan Avrasiya geostrateji məkanının geostrateji mərkəzi kimi neytral mövqe tutur, iddiasını regional çərçivədən kənara çıxarmır.

- Azərbaycandan fərqli olaraq, İran Yaxın və Orta Şərqdə, eyni zamanda, Mərkəzi Asiya və Cənubi Qafqazda liderlik statusunu almaq iddiasına düşməsi, eyni zamanda, son aylaradək nüvə ölkəsinə çevrilmək istəyini reallaşdırmağa cəhdlər etməsi bu geostrateji mərkəzdə "bulanıqlığın" artmasına gətirib çıxarmışdı. İranın bir yandan ABŞ və Avropa geostrateji oyunçularının, digər tərəfdən, müttəfiq kimi davranan Çin və Rusiyanın, həmçinin, geostrateji mərkəz kimi Türkiyə və Azərbaycanın maraqlarına qarşı çıxması onun təhlükəli ssenarilərlə qarşılaşmasını labüdləşdirmişdi. Hətta, 2013-cü ilədək İranla ABŞ-İsrail arasında "müharibə küləkləri" də əsirdi. Lakin sonuncu prezident seçkilərindən sonra yeni dövlət başçısı əvvəlkindən fərqli olaraq, radikal siyasətdən daha çox "yumşaq strategiya" taktikasına əl atdı. Tehran ABŞ və Avropa aktorları ilə razılaşmaya getdi və geostrateji mərkəz kimi sabitliyi müəyyən mənada təmin edə bildi. Yəni, anlaşılan odur ki, bir müddətə qədər Rusiyanın nəzarətində olan geostrateji mərkəz kimi qəbul edilən İran artıq ABŞ-ın yürütdüyü hegemonluq siyasətinə qarşı çıxmaq niyyətində deyil.

Digər tərəfdən, İran da zəngin karbohidrogen ehtiyatları ilə enerji təhlükəsizliyi məsələsinə öz töhfəsini verə bilər. Əlbəttə ki, İranla sərhəddə İraqda və Türkiyə ilə sərhəddə Suriyada, Livanda müharibələrin getməsi İranın da Azərbaycandan gedən neft-qaz kəmərlərinə qoşulmaq imkanlarını artırır. Həmçinin, İranın Əfqanıstan və Pakistan, eyni zamanda, Fars körfəsində gedən proseslərə təsir imkanlarının böyük olması onun Avrasiya geostrateji məkanı üçün əhəmiyyətini artırır və daim diqqət mərkəzində olur.

- İran kimi Türkiyə də Avrasiya üçün mühüm coğrafi mövqeyi və geostrateji mərkəz kimi statusu diqqət mərkəzindədir. Türkiyənin də geostrateji təsir dairəsi və iddiaları demək olar ki, İranla eynidir. Bu səbəbdən də, uzun illər Türkiyədə qlobal güclərin savaşının təzahürləri dərin iz buraxıb. Dövlət çevrilişləri, siyasi və iqtisadi böhranlar məhz, Türkiyənin zaman-zaman ortaya qoyduğu iddialarından irəli gəlib.

Bu gün Avrasiyanın geostrateji mərkəzi kimi Türkiyənin həm Azərbaycanla birgə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, həm NATO-nun aparıcı üzvü kimi təhlükəsizlik problemlərinin çözülməsində mühüm rol oynaması, həm də böyük iqtisadiyyata və siyasi təsir dairəsinə görə əhəmiyyəti yüksəkdir. Bu səbəbdən də, geostrateji mərkəz kimi Türkiyənin kimin yanında olması məsələsi çox vacibdir. Lakin son illər ərzində Türkiyənin iqtisadiyyatının güclənməsi, beynəlxalq borclarını bağlaması geosiyasi iddialarını reallığa çevirmək üçün fəaliyyətə başlaması, eyni zamanda, Rusiya və İranla yaxınlaşması, ABŞ-ın və Avropa dövlətlərinin Yaxın Şərq və Şimali Afrika planlarına özünün maraqları prizmasından yanaşması bu ölkədə son hadisələrin baş verməsinə səbəb oldu. Elə ötən ilin yay aylarında Gezi Park olaylarının baş verməsi, həmçinin, seçki ərəfəsində Türkiyənin hakim partiyası və baş naziri haqqında telefon dinləmələrinin, Gülən probleminin ortaya atılması sübut edir ki, qlobal hegemonluq istəyən güclər bu geostrateji mərkəzin də onların yanında olmasını əsas tutur.

- Bu gün siyasi böhran və parçalanma riskilə qarşılaşmış növbəti geostrateji mərkəz Ukraynadır. Əlbəttə ki, Ukraynanın da əvvəlki 3 geostrateji mərkəzdən heç də az olmayan üstünlükləri var. Belə ki, ilk növbədə Ukrayna sənayesi, kənd təsərrüfatı və hərbi imkanları ilə Rusiyanın gələcək inkişafına təsir etmə imkanlarına sahibdir. Yəni, Z.Bjezinskinin sözlərilə desək, "Ukraynasız Rusiya imperiya ola bilməz. Ukrayna bu ölkənin gələcək evolyusiyası üçün olduqca əhəmiyyətlidir".

Ona görə də, hazırda Ukraynada bir tərəfdə Rusiya və digər tərəfdə isə ABŞ, Avropa geostrateji oyunçuları savaşır. Məhz, Rusiyanı Avrasiyada liderlik və sonradan qlobal hegemonluq iddiasından uzaqlaşdırmaq üçün Qərb ölkələri Ukraynada Yanukoviç hakimiyyətini devirdilər. Əgər Qərb dövlətləri sona qədər Ukraynanın arxasında dursalar və Kiyevi Avropa Birliyi şəhərinə çevirsələr, o zaman, Rusiyanın "Avrasiya-2015", "Gömrük İttifaqı" planlarının üstündən birdəfəlik xətt çəkilmiş olacaq. Ukraynada baş verən hadisələrin fonunda ABŞ-ın, Kanadanın, NATO-nun Rusiya ilə müəyyən sahədə əməkdaşlığı dayandırması da bir daha göstərdi ki, Moskva qlobal iddialarına və 2 il ardıcıl olaraq soyuqdan dondurduğu Avropanı tez-tez qaz sınağına çəkdiyi üçün cəzalandırılır.

Təbii ki, Rusiyanın da əlində müəyyən təzyiq vasitələri var. Elə hakimiyyət çevrilişinin ilk günlərində Rusiyanın yenidən hərbi gücə əl atmağa çalışması və Krımı Ukraynadan qoparmağa cəhd etməsi onun təsir imkanlarını ortaya qoyur. Əlbəttə, Gürcüstandan fərqli olaraq, Ukraynada Qərb dövlətləri Rusiya ordusunun Ukraynaya daxil olmasına imkan vermədilər. Həmçinin, proseslərin gedişatı da göstərir ki, Qərb Krımı da Rusiyanın əlindən almağa cəhd göstərir.

Bir sözlə, görünən odur ki, Ukraynada qlobal hegemonluq istəyən ABŞ və Avropa dövlətlərilə Avrasiya geostrateji məkanını nəzarətə götürüb qlobal liderlik statusu almağa cəhd edən Rusiya arasında mübarizə davam edir. Təbii ki, Ukraynanın vəziyyəti elədir ki, o mütləq tərəf seçməlidir. Əks təqdirdə, siyasi böhran davam edəcək, parçalanma labüdləşəcək, geri düşən Ukrayna dövləti və xalqı olacaq.

- Yuxarıda haqqında danışılan geostrateji mərkəzlərdən fərqli olaraq, coğrafi baxımdan aktiv geosiyasi oyunlardan uzaq olan Cənubi Koreya konkret olaraq, ABŞ-ın yanındadır. O, Vaşinqtonun digər müttəfiqi Yaponiya kimi qlobal liderlik statusu uğrunda savaşmır, sadəcə Şimali Koreya ilə münasibətlərini aydınlaşdırır. Ona görə də, Cənubi Koreya elm və texnikanın yüksək inkişaf etdiyi geostrateji mərkəz kimi sabitlyini qoruyub saxlayır. Eyni zamanda, ABŞ və Avropa dövlətləri Cənubi Koreyanın timsalında Uzaq Şərqdə yerləşən ölkələr üçün bir inkişaf modeli təqdim edirlər. Bundan başqa, Cənubi Koreya və Yaponiya ABŞ-ın bazası olmaqla, bu bölgədə qlobal hegemonluq statusu üçün iddia ortaya qoya biləcək Çinə qarşı qoyulub.

Azərbaycan Avrasiya məkanının ən sabit geostrateji mərkəzidir

Bir sözlə, bu gün dünyada hegemonluq uğrunda dünya güclərinin savaşı gedir. Burada əsas fəlsəfə isə Avrasiya geostrateji məkanında nəzarəti ələ keçirməkdir. Bu səbəbdən də, geostrateji mərkəzlər üzərində geosiyasi oyunlar qurulur. Belə bir vəziyyət isə yalnız geostrateji mərkəz statusunu daşıyan ölkələrə zərərdir. Ukraynanın, İranın və Türkiyənin timsalında biz bunu görürük. Lakin bir fakt ortadadır ki, Avrasiya geostrateji məkanın 5 geostrateji mərkəzləri arasında ən stabili Azərbaycandır. Azərbaycan ümumi Avrasiya geostrateji məkanının, dolayısı ilə dünyanın mərkəzi, həmçinin, ölkəmiz güclərin maraqlarının toqquşduğu yer - düyün nöqtəsi olsa da, sabitliyini, dinamik inkişafını qoruyub saxlayır. Bu cür vəziyyətin mövcudluğunun səbəbləri isə ayrı bir məqalənin mövzusudur.