FLƏŞMOB, YOXSA KİMLƏRİNSƏ SİYASİ CƏHDİ? TƏHLİL

28 Fevral 2014 17:03 (UTC+04:00)
Müasir dünyada gənclərin müxtəlif cəlbedici aksiyalar, fləşmoblar vasitəsilə ictimaiyyətin diqqət mərkəzinə gəlmələri pis vasitə deyil. Hətta belə aksiyaların necə deyərlər, səmərəsi də olur. Məsələn, rəqs etmək, heç bir səbəb olmadan ətrafdakı insaları yaşadıqlarına görə təbrik etmək yaxud da, digər maarifləndirici üsullarla ətrafa xoş ovqat bəxş etmək… Ancaq!

Ancaq həmin vasitəni cızığından çıxararaq insanların həyatlarına, eləcə də qoruduqları dəyərlərinə müdaxilə etmək məncə normal məsələ və düşüncədən doğan reallıq deyil. Məsələn, Azərbaycandakı milli-mənəvi dəyərlərdən, baxışlardan, düşüncə tərzindən tamamilə fərqli olan soyuq Qərb dəyərləri təəssüf ki, buraya da sirayət etməyə can atır. Düzdür, qeyri-normal dəyərlər onsuz da normal düşüncəli insanlar tərəfindən rədd edilsə də, təəsüf ki, bunun bəzi məqamları müəyyən mənada bir sıra gənclərə sıçramağa nail olub.

Görünür, bu səbəbdən, artıq şərəf, ar, mənəviyyat, ismət sərhədlərini aşan "şalvarsız aksiya" adlı flaşmobun ən gur yerdə – Bakı metripolitenində keçirilməsi nəzərdə tutulub. Təəssüf ki, bu qərara gələnlərlə yanaşı, həmin qərarları icra edənlər də tapılır. Yaxşı, bəs məqsəd nədir?

Flaşmob keçirməklə qarışıqlıq yaratmağa çalışırlar

Kimsəyə sirr deyil ki, Azərbaycan dünyəvi, demokratik dövlət olmaqla yanaşı, burada İslam dini digər müsəlman ölkələrindən tamamilə fərqli olaraq tolerantlıq amili üzərində formalaşıb. Eyni zamanda, Azərbaycan dünyaya inteqrasiya yolunda mühüm yerlərdən birini tutur və əbəs yerə deyil ki, regionun lider ölkəsinə çevrilib. Bu gün Azərbaycan bütün sahələrdə tərəqqi edir və bu tərəqqi onun dünyada söz sahibinə çevrilməsində əhəmiyyətli rol alıb. Belə olan tədqirdə ölkəmizdə siyasi-iqtisadi maraqlarını müəyyən təzyiqlər vasitəsilə yürütməyə çalışan xarici dairələr daha öncəki planlarını gerçəkləşdirə bilmədiklərinə görə indi də "Şlavarsiz aksiya" adı altında, guya heç bir siyasi məqsəd güdməyən flaşmob keçirməklə qarışıqlıq yaratmağa çalışırlar.

Artıq burada məsələ tamamilə siyasi mövqeyə yönəldiyinə görə, burada diqqət istər-istəməz ənənəvi müxalifət düşərgəsinə tərəf yönəlir. Bu kimi əsasa gəlməkdən ötrü isə daha öncəki flaşmobları xatırlamaq olar. Məsələn, NİDA adlı hərəkatın "əsgər ölümlərinə son" tipli qondarma flaşmoblarından sonra "Fəvvarələr meydanı"ndakı icazəsiz aksiyanın keçirilməsi, NİDA-çıların evlərindən çıxan molotov kokteyllərinin, pulların ifşası heç də təsadüfi sayıla bilməz. Eyni zamanda, "Dalğa" hərəkatının "İntihar etmə" adlı flaşmobundan sonra diqqətin "qlobal" sosial problemlərə yönəldilməsini də havadan yaranan təşəbbüs kimi qiymətləndirmək mümkün deyil.

Ortada maraq var

Birmənalı olaraq, ortada maraq var və bunu Azərbaycanda təmin etməyə cəhdlər göstərən müxalifət mövcuddur. Daha dəqiq desək, indi də xalqın şərəfi, namusu, isməti üzərində oyunların qurulması bilavasitə müxalifət "liderlərini" hərəkətə keçirib. Əgər "Şalvarsız aksiya" adı altında metropolitendə flaşmob iştirakçıları həbs edilərsə, sabah məhz həmin müxalifətə məxsus mətbuat orqanları "Azərbaycanda gənclik sıxışdırılır", "Azərbaycan gənci həbsə atılır" tipli məqsədli yazılar, informasiyalar yer alamağa başlayacaq. Bəli, məhz məqsədli şəkildə! Çünki həmin məqsədin arxasında Əli Kərimli və onun havadarlarının dayanması şübhəsizdir. Və bu gün belələri Azərbaycan gəncliyinin bir qismini zəhərləyərək, onların şalvarlarını istər hərfi, istərsə də dolayısı yollarla çıxartdırırsa, artıq burada həyacan təbilinin çalınması mütləq və mühəqqəqdir!

Rövşən Nurəddinoğlu

P.S. Görəsən, gəncləri öz çirkin siyasi məqsədləri hesabına istifadə edən bir qrup müxalifət "liderləri" də "Şalvarsız aksiya" adı altında flaşmobda iştirak edərlərmi?