"Flaşmobla bağlı partiya gəncləri hazırlıq səviyyəsinə gətirilib və xalqın mənəviyyatına zidd olacaq addımların qarşısı alınacaq". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bir qrup gəncin martın 1-də Bakı metropoliteninin üç stansiyasında "Şalvarsız aksiya" flaşmobu keçirməyi planlaşdırmalarına münasibətini bildirərkən deyib.
MMP sədrinin sözlərinə görə, bu işdə xüsusilə AXCP sədri Əli Kərimlinin marağının olması şübhə doğurmur: "Əli Kərimli kimi siyasi dələduzun belə mənəviyyatsız planda iştirak etməsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, burada digər məqamların da dayanması sirr deyil".
Hafiz Hacıyev yaxın günlərdə bir neçə xarici səfirliklərdə görüş keçirəcəyini də qeyd edərək bildirib ki, Azərbaycanda maraqları olan bəzi qüvvələr indi də bu kimi vasitələrlə ölkədə qarışıqlıq yaratmağa cəhd edirlər: "Mən bütün bunları hörmətli səfirlərə, diplomatik korpus təmsilçilərinə çatdırmağı düşünürəm. Çünki bütün həyasızlıq simptomlarına malik olan müxalifət təmsilçiləri indi də Azərbaycanda Ukrayna variantını işə salmaq təlimatları alıblar. Sözügedən flaşmob də qarışıqlıq salmaq üçün bəhanədir. Ancaq biz bunun qarşısını alacağıq. Çünki Azərbaycana qarşı belə çirkin oyunlar oynamağa cəhd edənlər hər zaman öz cavablarını alıblar, bundan sonra da alacaqlar".
Rövşən Nurəddinoğlu