İnsanlar kompyuterdən daha çox mobil cihazlardan istifadə edir

28 Fevral 2014 06:16 (UTC+04:00)

Fərdi kompyuterlərin (FK) satış həcminin azalması mobil qurğuların populyarlığının artması ilə bağlıdır. Bəzi ölkələrdə insanlar internetə çıxış üçün daha çox mobil cihazlardan istifadə edirlər.
"Nielsen" tədqiqat firmasının məlumatına görə, 2013-cü ilin dekabrında orta statistik amerikalı istifadəçi fərdi kompyuter ilə internetdə 27 saat vaxt keçirib, lakin smartfon və planşetlə iş müddəti 34,5 saat təşkil edib.
Bildirilir ki, Böyük Britaniyada mobil istifadəçilərin orta aylıq aktivliyi 41 saat 42 dəqiqə olub, masaüstü fərdi kompyuter isə 29 saat 14 dəqiqə ərzində internet-sörfinq üçün istifadə olunub. İtaliyada bu göstəricilər müvafiq olaraq 37 saat 12 dəqiqə və 18 saat 7 dəqiqə təşkil edib.
Hesabata əsasən, amerikalılar ötən ilin dekabrında televizor izləməyə 185 saat, italiyalılar 143 saat 20 dəqiqə, britaniyalılar isə 130 saat vaxt sərf ediblər.