Xocalı - qan yaddaşımız

25 Fevral 2014 10:05 (UTC+04:00)

Bu il Xocalı soyqırımının 22-ci ildönümüdür. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilib. Dinc sakinlər, qoca, qadın və uşaqlara aman verilməyib

Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdi. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin iştirakı ilə dinc insanların rəhmsizcəsinə qıraraq bir şəhəri yer üzündən tamam siliblər. Ermənilərin törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoyublar. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq" kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılıb, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir ediblər… Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının və dünyanın bütün namuslu adamlarının yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Erməni faşistlərinin törətdiyi qanlı cinayət xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixə yazılmalıdır. Biz vəhşicəsinə öldürülmüş, işgəncələr verilmiş,şikəst edilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik.Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşətini heç zaman unutmayacağıq. Xocalı şəhidlərinin qisasını qiyamətə qoymayacağıq! Çox keçməyəcək ki, xalqımız bir nəfər kimi ayağa qalxacaq, düşmənə layiqli cavabını verəcək

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Ulu Öndər Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilib.

Xocalı faciəsi təkcə xocalılıların yox, bütün Azərbaycan xalqının dərdi qəmidir. Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsinı ümidi ilə yaşayırlar. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Vaxt gələcəkdir ki, bu qətliamı törədənlər tarixin məhkəməsi qarçısında cavab verməli olacaqlar. Qan yaddaşımız olan Xocalı faciəsi heç vaxt yaddan çıxmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!