“Meydan” TV niyə daş atıb, başını tutur? TƏHLİL

24 Fevral 2014 13:54 (UTC+04:00)
Dünən "Meydan" TV-nin Berlin ofisində yerləşən giriş qapısının şüşələri sındırılıb və adicə bir qapı şüşəsinin qırılması Emin Milli adlı sabotajçı - şantajçıya çox pis təsir edib. Hətta o qədər pis təsir edib ki, nə danışdığının, hansı "arqumentlər" ortaya atdığının fərqinə belə varmayıb. Bu barədə az sonra…

Sözügedən mənzərəyə baxdığımız zaman nə görürük? Görürük ki, bir qapıdır və həmin qapının şüşələri sındırılıb, girişə isə sadəcə yüngül inşaat kərpici düşüb. Yerdə nə qan izi, nə insan orqanı parçası, nə də ki, başqa şey var. Sadəcə və sadəcə şüşəsi qırılmış qapı və yerə düşmüş xudmani inşaat kərpici. Amma…

Amma siz gəlin-görün ki, həmin bu Emin Milli adlı sabotajçı-şantajçı məsələni necə "peşəkarlıqla" şişirdir! Hətta o qədər şox şişirdir ki, özü də dediklərinə inanmır. Çünki onun özü də deyir ki, hələlik Berlin polisi hadisənin kimlər tərəfindən həyata keçirildiyi haqqında heç bir məlumata sahib olmadığını bildirib.

Əslində Emin Millidən belə şeyləri gözləməyə dəyər…

Maraqlısı da budur ki, hadisə fonunda ortada heç bir fakt, dəlil olmadığı halda Emin Milli başıbəla "inşaat kərpici"ni də hakimiyyətin üzərinə atmağa çalışır. Yəni, iddia edir ki, Azərbaycan hakimiyyəti qızıl vaxtını "Meydan" TV kimi lüzumsuz quruma itirərək, Almaniyaya adam göndərib, qapısının şüşəsini qırdırır (??!!-R.N.) Əslində, Emin Milli kimi milli-mənəvi dəyərə sahib olmayan fərddən belə şeyləri gözləməyə dəyər. Bunun üçün onun Azərbaycanda hansı oyunlardan çıxmasını, restoran və barlarda, gecə klublarında nə kimi əməllərlə məşğul olmasını xatırlamaq kifayət edər ki, Emin Millinin kim olduğunu deyəsən. Bu səbəbdən, onun belə bir absurd iddialarda, yersiz ittihamlarda bulunması Eminin bütün portret cizgilərini öznüdə əks etdirir.

Gəlin Emin Millinin daha bir "arqumentinə" nəzər salaq. Bu fərd iddia edir ki, guya "Meydan" TV-yə qarşı qərəzçilik halları mövcuddur.

"Meydan" TV-nin heç bir təhrif etmədən Azərbaycan hakimiyyətinin uğurlu siyasətini təbliğ etməyə qeyrəti çatarmı?

Məsələn, "Meydan" TV-nin səlahiyyətlisi qapı şüşəsinin qırılmasında "Azərbaycan hakimiyyətinin əli" olduğunu "sübut" etmək üçün Almaniyanın "Zeit" qəzetinə "istinad" edir. Belə ki, keçən həftə Almaniyanın "Zeit" qəzetində Azərbaycan hökümətinin Humbolt universitetinin "Azərbaycan tarixi" kafedrasının professor ştatına Berlindəki səfirliyimizin 75 min avro ianə verməsi ilə bağlı məqalə dərc olunub və qəzetdə yazılıb ki, kafedranın təşkil etdiyi tədbirlərə qonaqlar, ziyalılar, elm adamları və ən əsası Azərbaycan televiziyaları dəvət olunur amma burdan-bura Berlində "Meydan" TV-ni dəvət etmirlər və s.

Yaxşı, əgər "Meydan" TV hər hansı bir tədbirə dəvət olunmursa, bu dəvəti nəyə görə almadığını özü-özlüyündə araşdırıbmı? Əgər "Meydan" TV Azərbaycan hakimiyyətinin, iqtidarın apardığı uğurlu siyasət amilinə kölgə salırsa, xaricdə fəaliyyət göstərən anti-Azərbaycançı təşkilatlarla iş birliyi qurursa, bilavasitə erməni lobbisi ilə əməkdaşlıq edərək təlimatlar icra edirsə, onda nəyə görə bu kimi tədbirlərə dəvət almalıdır? Ümumiyyətlə, "Meydan" TV yarandığı zamandan üzü bu yana dövlətçilik, millətçilik, xalqçılıq timsalında hər hansı fəaliyyət planını ortaya qoya bilərmi? Əlbəttə ki, yox! Ona görə də DAŞ ATIB, BAŞINI TUTMAQLA, bunun günahını özündə axtarmalıdır Emin Milli!

Bu kimi xəyanətkar fəaliyyəti Emin Millinin "Zeit" qəzetinə Azərbaycan dövlətçiliyi əleyhinə verdiyi açıqlamasında da görmək mümkündür. Bir halda ki, Emin Milli dövlət əleyhinədirsə, onda onun dövlət tədbirlərinə dəvət edilməməsi hər halda qəbul olunmalı məsələdir.

Lap tutaq ki, Emin Milli Humbolt universitetinin "Azərbaycan tarixi" kafedrasının tədbirinə dəvət aldı. Məgər o gedib Azərbaycan dövlətinin uğurlu təbliğatını heç bir təhrif etmədən yayımlayacaqdımı? Əsla! Çünki onun bu kimi işləri təbliğ etməyə nə milli qeyrəti, nə də ki, milli mənəviyyatı var!

Ona görə də qeyri-milli Emin Milli adlı sabotajı-şantajçı "Meydan" TV-nin reklamını aparmaq üçün yaxşı olardı ki, daha ağlabatan metodlardan istifadə edərdi. Çünki sabah onun "güvəndiyi" alman polisi TV-nin şüşəsini sındıran daşın altından məhz Emin Millinin özünü çıxara bilər. Çünki harada Emin Milli varsa, orada belə şeyləri görmək heç də təəccüblü deyil.

Rövşən Nurəddinoğlu

P.S. Hər halda Emin Milli bildiyimiz qədər sərxoşluğa meyilli şəxsdir. Görünür o, həqiqətən də gecə həddindən ziyadə sərxoş olub və inşaatların birində dəmləndikdən sonra kərpic oğurlayaraq, özü-özündən qisas alıb. Necə deyərlər, daş atıb, başını tutub. Niyəsini isə yaxın vaxtlarda biləcəyik, mütləq biləcəyik!