Bu gün İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycan Nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov, adı çəkilən Nümayəndəliyin rəhbəri Mahmud Seyiddi, İİR-nın Azərbaycandakı səfiri Möhsün Pakayin, İİR-nın "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifərin və digər qonaqlar, KİV nümayəndələri iştirak edib.
İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mahmud Seyiddi qurumun fəaliyyəti dövründə gördüyü işlərdən və uğurlardan danışıb.
Mahmud Seyiddi diqqətə çatdırıb ki, təşkilat Azərbaycanda fəaliyyət göstərdiyi 1993-cü ildən etibarən 20 il ərzində müxtəlif sahələrə 43 milyon ABŞ dolları vəsait ayırıb: "Komitə Azərbaycanda yeni iş yerləri yaratmaq, kiçik sahibkarlığın inkişafına yardım etmək üçün 2 milyon manat faizsiz kredit ayırıb. Azərbaycanda ümumilikdə 6 milyona yaxın insan Komitənin layihələrində iştirak edib. 500 min nəfərə yaxın şəxs Komitənin tibb mərkəzlərinə müraciət edib və hər bir müraciət edən insana ən azı 3 tibbi xidmət göstərilib".
İİR-nın "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifərin isə diqqətə çatdırıb ki, Komitənin Azərbaycandakı fəaliyyəti Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olundu. Bildirilib ki, Komitənin Azərbaycanda fəaliyyəti İran ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ifadəsi idi və bu dostluq və qardaşlıq bundan sonra da davam edəcək".
Sonra İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də çıxış edərək Komitənin Azərbaycandakı fəaliyyəti haqqında danışıb. Vurğulanıb ki, İmdad Komitəsi Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə fəaliyyət göstərib.
Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İmdad Komitəsinin Azərbaycanda fəaliyyətinin müvəqqəti dayandırıldığını diqqətə çatdırıb: "Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra İmdad Komitəsi Azərbaycanda fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaq. Azərbaycanda 80-ə qədər humanitar təşkilat fəaliyyət göstərir. Lakin bu təşkilatların sayı getdikcə azalır, çünki Azərbaycan dövləti bu yükü öz üzərinə götürür".
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, təcavüzkar Ermənistan nə vaxt ki öz təcavüzkar siyasətindən əl çəkəcək və konstruktiv mövqeyə gələcək bu zaman hansısa əməkdaşlıqdan söhbət gedə bilər: "Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətindən biri bütün ölkələrlə əməkdaşlıq, dostuq, mehribanlıq münasibətlərinin qurulmasıdır. Təbii ki, bizim də ətrafımızda dost və bizə qardaş olan İran, Türkiyə, Rusiya, Gürcüstan, Orta Asiya respublikaları kimi qonşularımız var. Ermənistan tərəfi də Azərbaycanla qonşuluq etməyə məhkumdur. Çünki onlar ölkəmizə məxsus olan torpaqları heç hara apara bilməzlər. Bunu biz dərk edirik. Amma çox təəssüflər olsun ki, işğalçı ölkənin rəhbərliyi bunu dərk etmir. Biz bilirik ki, bu gün Ermənistan xalqı hansı vəziyyətdədir və bunu həmin ölkənin xalqı da dərk edir. Amma Ermənistanın təcavüzkar, faşist rejimi bundan əl çəkmir. Çünki onlar bu münaqişənin üzərində öz kapitallarını formalaşdırıblar".
Sonda Ə.Həsənov Komitənin Azərbaycandakı fəaliyyətinə görə təşəkkürünü bildirib və komitə rəhbərliyinə hədiyyə təqdim edib.