Yolçu Xanvəli: “Ölkəmizdə heyvanlar arasında epizodik vəziyyət sabitdir”

12 Fevral 2014 13:56 (UTC+04:00)

"Baytarlıq xidməti fevral ayının 10-dan etibarən köçəri quşların monitorinqinə start verib". SİA-ya açıqlamasında Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli belə deyib. Onun sözlərinə görə, bu monitorinqlərin fevral ayının 21-nə kimi davam etdiriləcək: "Monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı ərazidə, Abşeron, Şabran, Salyan, Ağcabədi Milli parklarında və qoruqlarında həyata keçirilir. Ölkə üzrə quşçuluq təsərrüfatlarında, eyni zamanda ayrı-ayrı şəxsi təsərrüfatlarda qan və qan patoloji nümunələri götürülməsi nəzərdə tutulur. Həyata keçirilən monitorinqlər ayın 21-i yekunlaşacaq. Monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanacaq".

Yolçu Xanvəli qeyd edib ki, ölkədə epizodik vəziyyət sabitdir: "Hazırda heç bir ərazidə quş qripi xəstəliyi aşkarlanmayıb. Əlbəttə bir sıra xəstəliklərə qarşı ölkədə heyvanlar arasında epizodiya əleyhinə tədbirlər planı hazırlanır. Bu tədbirlər planına uyğun olaraq qarayara, quduzluq, çiçək, quşlarda lasota kimi xəstəliklərə qarşı peyvəndləmə işləri aparılır. Dövlət tərəfindən nəzərdə tutulan və bu vəsait hesabına alınan dərman peraparatları tam təmin olunub. Artıq cari ildən bir sıra xəstəliklər qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Belə ki, iribuynuzlu heyvanlarda qarayara, burselyoz, qanalma eləcədə də, xırda buynuzlu heyvanlarda peyvəndləmə aparılır və itlərdə quduzluğa qarşı vaksinasiya tədbirləri həyata keçirilir. Ölkəmizdə heyvanlar arasında epizodik vəziyyət sabitdir və buna tam nəzarət olunur".