Aydın Mirzəzadə: "Azərbaycan qarşısına qoyduğu bütün məsələləri həll etmək iqtidarındadır" MÜNASİBƏT

6 Fevral 2014 15:29 (UTC+04:00)

"Azərbaycan Prezidentinin ötən gün regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı çıxışı tarixi əhəmiyyət daşıyır. Ölkə rəhbəri bu çıxışı ilə son 10 ilin iqtisadi və sosial inkişafına yekun vurub". Bunu SİA-ya açıqlamasında millət vəkil Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin konfransda iqtisadi sahələr üzrə səsləndirdiyi rəqəmlər kifayət qədər ciddi, ölkənin son 10 illik inkişafını real əks etdirən göstəricilərdir: "Sənaye potensialının 2,7 dəfə, ümumi daxili məhsulun bir neçə dəfə artması təkcə statistik göstərici kimi deyil, həm də real həyatda olan mənzərədir. Azərbaycan son 10 ildə, pullu təsərrüfatdan bazar iqtisadiyyatına keçid dövrünü başa vurub. Ölkəmiz bu dövrdə iqtisadiyyatına xarici investisiyaları cəlb etməklə yanaşı, daxili resurslar hesabına da investisiya yatıran bir ölkəyə çevrilib, iqtisadiyyatının inkişaf mərkəzini neft sektorundan qeyri-neft sektoruna keçirə bildi. Bu gün Azərbaycan dünya üçün böyük təcrübə xarakteri daşıyır".

Millət vəkili bildirib ki, dövlət başçısının hesabatında ölkə iqtisadiyyatının bütün göstəriciləri səsləndirilib, eyni zamanda qarşıda duran məsələlərə də diqqət yetirilib: "Bildirilib ki, Azərbaycan qarşısına qoyduğu bütün məsələləri həll etmək iqtidarındadır. Bunun üçün ölkəmizin düşünülmüş planları, real iqtisadi əsasları var. Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna əsaslanaraq ölkənin siyasi xəttini ardıcıl aparması da uğurların əldə olunmasında vacib şərtlərdən biridir. Bu gün elə bir sahə yoxdur ki, Azərbaycan orada inkişafa nail ola bilməsin. Ölkəmizdə bu dövrdə sosial infrastruktur layihələri icra edilib, 2700 məktəb tikilib, 500-dən çox tibb müəssisəsi inşa və təmir edilib, 41 Olimpiya İdman Kompleksi yaradılıb, 8-i isə hazırda tikilir və bu belə də davam edəcək. Sözügedən proqramların nəticəsi olaraq Azərbaycan vətəndaşı daha yaxşı yaşamağa başlayıb. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə daha yüksək nüfuz qazanmasına, Azərbaycanın kredit alan ölkədən kredit verən ölkəyə çevrilməsinə səbəb oldu. Düşünürəm ki, ötən gün səsləndirilən hesabat bundan sonra daha böyük layihələrin həyata keçirilməsinə real imkanların olduğunu sübut edib".