Səhnəyə çılpaq çıxanlara kim cavabdehdir?

4 Fevral 2014 17:28 (UTC+04:00)

"Qeyri-adiliyi" ilə şöhrət tapmaq istəyənlər

Müasir insanların mənəvi-psixoloji tərbiyəsi yaşadığı zamanın ahəngində formalaşır. Xüsusilə gənclər, yeniyetmələr, uşaqlar daha tez cəmiyyətdə baş verənləri həzm edir, fikir və münasibətləri həyat meyarlarında əsas götürürlər. Sözsüz ki, kütləvi tədbirlər, müzakirəyə çıxarılan aktual məsələlər onların diqqətindən kənarda qalmır. Etiraf edək ki, iyirmi birinci yüzilliyin insanı informasiya bolluğunda yaşayır. Dinamik inkişaf mərhələsini yaşayan Azərbaycan cəmiyyəti daha çox templi və interaktiv vasitələrə meyil edir. Gənclər daha çox internet aləmi, televiziya və radio, konsert salonları və s.-yə müraciət edirlər. Bütün bunlardan yararlanan gənclərə dövlətçilik, vətənpərvərlik prinsiplərini təbliğ edib, vətənin sərhədlərini qorumaq kimi ali dəyərlər aşılanmalıdır.

Bu gün milli-mənəvi dəyərlərə zidd olan məqamlara da təsadüf edirik ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Azərbaycan milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətsizlik göstərən amillərə, təəssüflə də olsa bildirməliyik ki, bir çox televiziya kanallarında yayımlanan verilişlərdə təsadüf edirik. Sənəti olmayan insanların "məlum olayları" tamaşaçını qəzəbləndirir. Azərbaycançılıq ideologiyasını təbliğ edən, xalqı maarifləndirən verilişlərin hazırlanması xüsusi əhəmiyyətlidir. Vəziyyət elə gərgin hala gəlib çatmışdır ki, hətta sənəti olmayan və sənətkarlıq ölçüsündən çox-çox uzaq olan şəxslər münsiflər heyətinin tərkibində çıxış edir. Bəlkə elə bu münasibətin nəticəsidir ki, sənət aləminə "nazlı-qəmzəli, şıltaq qızlar" daha çox yol açır? Şəxsiyyəti, sənəti olan insan tövsiyələrini verə, yetişən nəslin istiqamətlənməsinə təsir göstərə bilər. Günay İbrahimli, Roza Zərgərli, Rəqsanə kimilərin sənət nümayəndələri içərisində yer alması, ən azı milli musiqimizə hörmətsizlikdir, onların tövsiyyə xarakterli çıxışları isə... Aşpazdan, evdar qadından, çilingərdən, müğənni, söz, sənət ustadı ola bilməz. Bunun üçün mükəmməl sənətə yiyələnmək mütləqdir.

Son zamandar Azərbaycan şou aləmində "nüfuz sahibi" olanlar danışıb, öyüd-nəsihət verməklə yanaşı, indi də soyunmaqla, əxlaqsız səhnə hərəkətləri ilə tamaşaçı diqqətini özlərində cəmləşdirməyə çalışırlar. Belə ki, Aygün Kazımova, Günay İbrahimli, Roza Zərgərli kimilərin səhnə hərəkətləri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bunları bizim sənətin mikrob yayan zəhərləyiciləri kimi qiymətləndirmək olar.

Bildiyimiz kimi, şou-biznes aləmində qısa bir zamanda "qeyri-adiliyi ilə şöhrətlənən" Günay İbrahimli də konsert verərkən soyunmuşdu. Özü də fəxrlə bunu etiraf etdi. Bu, o Günaydır ki, avqustun 23-də doğulduğu bir məkanın - Füzuli rayonunun işğalı günündə televiziya proqramlarından birində şənlik qurmuşdu. "Yaşıl Teatr"da isə açıq-saçıq geyimlərlə tamaşaçı qarşısına çıxdı. İndi isə efirlərin bəzəyi, "sənətkar" olub.

Röya "cazibədarlığı"

Bütün bunlar az imiş kimi növbəti "uğurlu addım" Röya tərəfindən atıldı. Daha peşəkar səviyyədə. Bir qədər haşiyəyə çıxaraq xatırladım ki, konsertlərinin birində - Akademik Opera və Balet Teatrında müğənni Röya hamilə vəziyyətdə səhnəyə çıxaraq körpəsinin nağılını tamaşaçılara ayaqyalın danışmışdı. Hamilə vəziyyətdə konsert verdiyi və bu şəkildə səhnəyə çıxdığı üçün ictimaiyyətin qınağına da tuş gəldi. Bu günlərdə isə müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında "Mənəm" adlı konserti birmənalı qarşılanmadı.

Röya bilmir ki, kifayət qədər səs diapozonuna malik olmaq hələ sənəkarlıqdan xəbər vermir. Axı Azərbaycan milli mədəniyyətinə səsi ilə xidmət edən, sənətkar adını qazanan ifaçılarımız təkcə səsləriləmi bu mərtəbənin sahibi olublar? İllərdən, qərinələrdən boylanan səslərin ahəngində bu səslərdə zamanın əks-sədası, sorağı yaşanılır. Səsinin cazibəsi ilə dünyanı gəzən, irqindən-dinindən asılı olmadan geniş coğrafi məkanda nüfuz qazanan Azərbaycan xanəndələri, zamanın ölçülməyən məsafəsində əbədi yaşamaq hüququ qazanıblar. Zərif təbəssümü, geniş səs diapazonu, səsinin möcüzəsi, xırdalıqları, səhnə görkəmi və mədəniyyəti ilə musiqi aləmimizdə yurd-yuva salan müğənni xanımlar geyimləri ilə də sevilib-seçiliblər. Onların ifasını xarici ölkə tamaşaçıları belə ayaq üstə alqışlarla qarşılamışlar. Polşada, Türkiyədə, Çexoslovakiyada, Fransada və onlarla digər ölkələrdə Azərbaycan musiqiçiləri qeyri-millətləri riqqətə gətirmişlər. Musiqiçi olmaqla yanaşı, azərbaycanlı olduqlarını da unutmamışlar. Dünya ictimaiyyətində, eləcə də, Azərbaycanda gedən ictimai-siyasi prosesləri diqqətlə izləyərək, hətta onlara münasibətlərini belə bildirmişlər. Xalqının təəssübünü çəkən zabitəli müğənni xanımlarımız kifayət qədər olub. Dünyanı Bethovenin, Motsartın simfoniyalarının yox, Azərbaycan muğamlarının xilas edəcəyini belə dünyaya bəyan ediblər.

Bu gün möhtəşəm səhnə dekorasiyası, lazer şou, qeyri-adi işıqlandırma sisteminin səhnədə mövcudluğu müğənninin daha gözəl sənət nümunələri göstərməsinə səbəbdir. Bu cür imkanlardan yararlanan Röyanın səhnəyə Azərbaycan milli-mənəvi dəyərlərinə zidd olan bir görkəmdə çıxmasına onu vadar edən nədir? Məgər tamaşaçı onun səhnəyə Azərbaycan xanımına məxsus libasda çıxacağı təqdirdə tamaşa etməyəcəkmi? Demək olar ki, çılpaq bir şəkildə tamaşaçı qarşısına çıxmaq tamaşaçıya hörmətsizlik etməsilə yanaşı, özünün daxili mədəniyyətsizliyinin, əxlaqının nümayişidir. O, konsert salonunda ailəsi ilə birlikdə olan, müxtəlif yaş həddində olan tamaşaçının olmasını unutmamalıydı. Bu səhnə onun şəxsi evi deyil.

Ailədə oğul tərbiyə edən Röya görəsən gələcəkdə sənət biblioqrafiyasını səhifələyəndə nə cavab verəcəyini düşünürmü? Azərbaycanın gələcək vətəndaşı, vətən torpaqlarını qoruyacaq bir oğul da bu xanımın ailəsində böyüyür. Bəlkə heç bunlarla Röya hesablaşmır. Əgər hesablaşsaydı, heç belə səhnə addımları da atmazdı.

Demokratiya, azad ruh, çılpaqlıq, özbaşınalıq deyil

Görəsən, ölkəmizin ən gözəl, aparıcı müəssisəsində Heydər Əliyev sarayında keçirilən bu konsert onun rəhbərliyini narahat edibmi? Bu gün Röya kimilərin reklamına yol verən səlahiyyətli nümayəndələrin hərəkətləri səviyyəli tamaşaçıda təəssüf hissi doğurur. Belə konsertləri xalqa təqdim edən şəxslər ən azı milli maraqlarını kənara qoyub, mənəvi tələbatın ödənilməsinə xüsusi önəm verənlərdir. Hadisələrdən zaman ötsə də, röyaların "şıltaqlığı" bu sarayın divarlarından silinməyəcək. Sarayın mətbuat katibi "Biz yanvarın son günlərində sarayımızı konsert təşkilatçılarının ixtiyarına vermişik. Röyanın geyiminə və digər hərəkətlərinə məsuliyyət daşımırıq"-deməklə özülərinə haqq qazandırır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə demokratik cəmiyyətdə yaşayırıq. Belə geyim tərzi ifaçının öz seçimidir, - deməklə məsuliyyətdən yayınırlar. Bəs görən nəzarəti kim etməlidir. Yolda kimsə intizamsız hərəkət etsə, sözsüz ki, bu intizamsızlığa məsuliyyəti polis daşıyır. Demokratiya, azad ruh çılpaqlıq, özbaşınalıq deyildir. Demokratik dövlət öz ənənələrinə, milli dəyərlərinə sadiqdir.

Danışıq, davranış etikası, mədəniyyəti olmayan və özünü sənətkar kimi qələmə verənlər insanları cana doydurublar. Yetər ki, bu addımlar cəzalandırılsın. Təqdim olunan konsertlərin səviyyəsində bir nizam, ölçü olsun.

Deyilənə görə, Röyanın geyimi modelyer Səbinə Hüseynova tərəfindən dünya standartlarına uyğun hazırlanıb. Özü də bu libas üzərində xeyli iş görülüb. Görəsən, çılpaqlıq da xeyli iş aparırmı? (əgər geyim demək mümkünsə).

Açıq-saçıq geyimlər bar və diskotekalar üçündür...

Bəli, açıq-saçıq geyimləri ilə pul qazanan müğənnilər çox əfsuslar olsun ki, bu konsertləri Heydər Əliyev Sarayında təşkil edirlər. Onlara xatırlatmaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan sarayda yalnız ciddi tədbirlər və mədəniyyətimizə töhfə verə biləcək konsertlərin, şou proqramların keçirilməsi məqsədəuyğundur. Yarıçılpaq vəziyyətdə isə, yalnız, gecə klublarında, barlarda şou yaratmaq olar. Məkanlar belə səhv salınıb. Dövlətin nəzarətində, tabeçiliyində olan, elit təbəqənin yol aldığı müəssəsələrdə açıq-saçıq geyimlərlə tamaşaçı qarşısına çıxmaq ləyaqətsizlikdir ki, bu addımları röyalar atırlar. Bəs gənclərin belə konsert proqramlarına tamaşa etməsi nə dərəcədə düzgündür? Düşünməliyik ki, bu darvanışlar insan psixologiyasına təsirsiz qalmır. Milli-mənəvi dəyərlərimizə yad olan geyim-keçim, davranış, danışıq forması ilə sənət yaşanmır. Röya düşünməməlidir ki, səhnə əlindədir və daim belə olacaq. Daimi olan sənət, gözəl ifa, mədəniyyətdir ki, nəsildən-nəsilə böyük sənətkarlar bu dəyərləri yaşadıb. Sənlərsə, bir günün bir saatın "əyləncəsi" olaraq yaddaşlardan silinib gedir.

Bizim torpağın, Azərbaycan xalqının zəngin irsi, tarixi mədəniyyəti var. Bu gün sənətdə olan sənətkarlara dövlət tərəfindən hər cür qayğı göstərilir. Onlara xüsusi mükafat və təqaüdlər, fəxri adlar verilir. Bunlara sevinməli və dövlətin göstərdiyi qayğı əsasında məsuliyyətlə işimizi davam etdirməliyik. Odur ki, xalqa xidmət etməliyik və buna borcluyuq.

P.S. Hesab edirik ki, həm Mədəniyyət və Turizm Nazirliyi, həm də Heydər Əliyev Sarayının rəhbərliyi məsələ ilə bağlı araşdırma aparacaq, Ulu Öndərin adını daşıyan Sarayda çıxış edən müğənnilərin geyimi, hərəkəti, səhnə mədəniyyəti haqqında lazımi ölçülər tətbiq edəcək.