"2013/2014-cü tədris ilində magistratura səviyyəsinə 21624 bakalavr ərizə verib. Onların 88,24 %-i (19082 nəfər) Azərbaycan, 11,78 %-i (2542 nəfər) isə rus bölməsinə daxil olub", Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.
Qeyd edilib ki, sənəd verənlərin 46,96 %-ni oğlanlar, 53,04 %-ni isə qızlar təşkil edib ki, onların da 53,32 %-i balakavriat səviyyəsinin builki məzunlarıdır: "Onlar əsasən 2009-cu ildə ali təhsili məktəblərinə qəbul olunanlardır. Həmin il 28009 gənc tələbə adını qazanıb".
Məlumata əsasən, magistratura imtahanlarının 2-ci mərhələsində 11274 nəfər iştirak edib ki bu da 1-ci mərhələdə iştirak edənlərin 53,49 %-ni təşkil edir. 2-ci mərhələdə iştirak edənlərin 43,99 %-i oğlanlar, 56,01 %-i isə qızlardır: "2-ci mərhələdə iştirak edənlərin 58,59 %-i bakalavriat sahəsinin builki məzunlarıdır. 2-ci mərhələnin imtahan nəticələrinə əsasən 2013-cü ildə magistraturaya 5432 nəfər qəbul olunub. Ötən il magistr səviyyəsi üzrə qəbul planı 79,95 % dolub".