Milli Məclisdə Azərbaycan və Aİ arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş təsdiqlənə bilər

27 Yanvar 2014 10:37 (UTC+04:00)

Milli Məclisin fevralın 3-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıla bilər. SİA-nın məlumatına görə, layihədə qarşılıqlı olaraq, 180 gün ərzində 90 gün tərəflərin ərasizində qalma və ya tranzit qaydada keçmə nəzərdə tutulub. Həmçinin, sazişdə viza ərizələrinə baxılması üçün 35 avro məbləğində rüsum da təyin edilib.

Vizaların rəsmiləşdirilməsi ərizənin daxil olmasından sonrakı 10 gün müddətində baş tutmalıdır. Yalnız fərdi hallarda ərizənin əlavə araşdırmaya ehtiyacı olarkən bu müddət 30 günədək uzadıla bilər. Təxirəsalınmaz hallarda isə vizanın verilməsi müddəti 2 günədək azaldıla bilər. Hətta, istisna hallarda vizanın müddəti bitdiyi halda tərəflərin qanunvericiliyinə əsasən sazişə üzv dövlətlərin vətəndaşlarının öz dövlətinin ərazisinə qayıtması üçün tələb olunan müddətə rüsumsuz uzadıla bilər. Etibarlı diplomatik pasportlama malik şəxslər isə vizasız olaraq, qarşılıqlı gedib-gələ biləcəklər.

Qeyd edək ki, saziş Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn, Böyük Britaniya, İrlandiya və Danimarka Krallığı istisna olmaqla, bütün İttifaq ölkələri ərazisi üçün keçərlidir.

Samirə Abdullayeva