Amerikalı keçmiş basketbol ulduzu Denis Rodmanın 2013-cü ilin fevralından etibarən Şimali Koreya ilə bağlı həyata keçirdiyi "basketbol diplomatiyası" Vaşinqton-Pxenyan münasibətlərinin təhlilində diqqəti cəlb edən məqama çevrilib. Şimali Koreya prezidenti Kim Çen Inın Rodmana olan rəğbəti, onu ölkəsinə dəvət etməsi və dəfələrlə görüşməsi beynəlxalq aləmdə, o cümlədən ABŞ-da diqqətlə izlənilir. Rodmanın təşəbbüsü ilə Şimali Koreyadakı ölkə idmançılarının iştirakı ilə basketbol oyunlarının təşkil edilməsi həm də ABŞ-la Çin arasında 1970-ci illərin "pinq-ponq diplomatiyası"nı xatırladır. Həmin dövrdə ABŞ və Çin komandaları arasında keçirilən stolüstü tennis oyunları fərqli ideoloji qütblərdə dayanan iki ölkə arasında buzların əriməsini xeyli sürətləndirmişdi (1). Lakin "pinq-ponq diplomatiyası"ndan fərqli olaraq, Rodmanın "basketbol diplomatiyası" tamamilə başqa istiqamət aldı.
Qeyd edək ki, Rodmanın Şimali Koreya rəhbəri ilə görüşləri başlanğıcda Qərbdə müəyyən ümidlə qarşılandı. Öz növbəsində, Şimali Koreya prezidenti iki ölkə basketbolçuları arasında keçirilən oyunların xalqların yaxınlaşmasına təkan verəcəyi ilə bağlı ümidlərini ifadə etdi. Bu görüşlərə münasibətdə soyuqqanlı davranan rəsmi Vaşinqton isə vətəndaşlarının fərdi qaydada Şimali Koreyaya səfərlərinə etiraz etmədiyini bildirməklə kifayətləndi (2).
Lakin Rodman heç də ABŞ ictimaiyyətinin ümidlərini doğrultmadı. Qərb ekspertləri onun "basketbol diplomatiyası"ndan daha çox Şimali Koreya liderinin yararlandığını düşünürlər. Görünür, bu narahatlıq qəddar idarəçilik xüsusiyyətləri ilə tanınan totalitar rejim rəhbərinin həm də çılğın basketbol həvəskarı olması, statusca özündən xeyli aşağı olan ABŞ idmançısına münasibətdə həddən artıq səmimi davranması nəticəsində dünya ictimaiyyətinin gözündə yarada biləcəyi ziddiyyətli imici ilə bağlıdır.
Digər tərəfdən, ABŞ-dakı dairələrin, eləcə də mətbuatın gözləntilərinin əksinə olaraq, Rodman Kim Çen Inla olan yaxın şəxsi münasibətlərindən Şimali Koreya liderinə ölkəsində insan haqlarının durumu, nüvə siyasəti və həbsdə saxlanılan ABŞ vətəndaşının azad olunması ilə bağlı təsir göstərməyə çalışmadı. Bu isə Rodmanın üzərinə götürdüyü missiyanın səmərəliliyinə şübhələri artırdı.
Rodmanın Şimali Koreya liderinə olan heyranlığı onun 2014-cü ilin başlanğıcında bu ölkəyə olan dördüncü səfərində daha qabarıq özünü göstərdi. Şimali Koreya rəhbərinə növbəti dəfə rəğbətini ifadə edən keçmiş idmançı hətta bu ölkədə 15 il müddətinə azadlıqdan məhrum edilən ABŞ vətəndaşına verilən cəzaya da haqq qazandırdı (3). Bu o deməkdir ki, Qərb mediasının bəzən ümidlə "qeyri-rəsmi səfir" adlandırdığı Rodman Şimali Koreyaya münasibətində ölkəsinin maraqlarını bir kənara qoyaraq, öz hisslərindən çıxış etməyə üstünlük verdi.
Nəticədə, Rodman insan haqları təşkilatlarının və bir sıra keçmiş siyasətçilərin daha sərt tənqidləri ilə üzləşdi. Hətta yerli media onunla birgə Pxenyana səfər etmiş həmkarlarını pulla ələ alınmaqda, ölkəyə xəyanət etməkdə ittiham etməyə başladı. Artan təzyiqlər qarşısında Rodman dediyi sözlərə görə və ölkəsinin maraqlarını müdafiə edə bilmədiyi üçün dəfələrlə üzr istəməli oldu (4, 5).
İndi Rodmanın qarşısında iki seçim dayanır: ya Şimali Koreyaya səfərlərinə və Kim Çen Inla şəxsi əlaqələrinə son qoyaraq "basketbol diplomatiyası"ndan əl çəkmək, ya da başladığı işi ABŞ ictimaiyyətinin və yəqin ki, həm də rəsmi Vaşinqtonun gözləntiləri çərçivəsində davam etdirmək.
"Basketbol diplomatiyası"nın uğursuzluğu fonunda isə ABŞ-Şimali Koreya münasibətlərində gərginlik artmaqdadır. Belə ki, Kim Çen In region dövlətlərini və ABŞ-ı nüvə silahı ilə hədələməkdə davam edir (6). ABŞ isə Şimali Koreyanın müharibə vəziyyətində olduğu Cənubi Koreyadakı hərbi mövqeyini daha da gücləndirmək niyyətindədir. Belə ki, bu yaxınlarda Cənubi Koreya rəhbərliyi ölkədəki ABŞ hərbi bazasının saxlanması üçün 2014-cü ildə təqribən 867 milyon dollar vəsait ödəməyə razılıq verib. Bu rəqəm əvvəlki illə müqayisədə 5,8 % artıqdır. Qeyd edək ki, Cənubi Koreya 1991-ci ildən etibarən ərazisindəki ABŞ hərbi bazasının xərclərinin bir hissəsini öz üzərinə götürüb. 2012-ci ilin əvvəlində tərəflər arasında 5 il müddətinə imzalanan plana əsasən, ölkə ərazisindəki 28 500 nəfər şəxsi heyəti olan ABŞ hərbi bazasının saxlanma xərclərinin 40 %-ni Koreya dövləti ödəyir. ABŞ hökuməti isə Əfqanıstandan və İraqdan qoşunlarını çıxarması ilə əlaqədar Asiyada hərbi qüvvələr balansını qorumaq üçün bu ilin fevralında Cənubi Koreyaya əlavə hərbçilər və tanklar göndərmək niyyətindədir (7). Təbii ki, belə bir addımın ABŞ-ın Şimali Koreya və Çin ilə münasibətlərinə mənfi təsir göstərəcəyini indidən düşünmək olar.
Görünən odur ki, Şərqi Asiyada hərbi, siyasi proseslər getdikcə daha mürəkkəb xarakter alır. Rodmanın "basketbol diplomatiyası" isə indiki məqamda hadisələrə təsir göstərmək gücündə olmayan uğursuz cəhd kimi görünür.
/Newtimes.az/
Hülya Məmmədli