20 Yanvar şəhidləri unudulmur REPORTAJ-FOTO

20 Yanvar 2014 13:27 (UTC+04:00)

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.SİA-nın məlumatına görə,iyirmi dörd il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun qoşun birləşmələri Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.

Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 131 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.

Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğından 24 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.

Millət vəkili Qənirə Paşayeva: "Biz bu hadisəni daha geniş şəkildə yaymalı və təbliğ etməliyik. Eləcə də biz bu hadisəni bütün beynəlxalq təşkilatların, qurumların diqqətinə çatdırmalıyıq. Çalışmalıyıq ki, bu cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Onlar onsuzda tarix qarşısında cavab verməli olacaqlar. Çox təəssüf ki, bu cinayəti törədənlərin bəziləri hələ də həyatdadır. Biz vaxtilə Avropa Şurası və AŞPA-da bu məsələni gündəmə çıxarmışdıq. Həmin hadisələri nə biz özümüz unutmamalıyıq, nə də unutdurmamalıyıq. Təbii ki, burada da hər kəsin üzərinə böyük bir missiya düşür".

Millət vəkili Aydın Mirzəzadə: "20 yanvar hadisələri Azərbaycan xalqına xof yaratmaq məqsədi ilə həyata keçirilmişdi. Həmin gün silahsız insanlara tanklarla atəş açılırdı. Bir gecənin içərisində xeyli sayda günahsız insan öldürüldü. Amma Azərbaycan xalqı onların istəklərinin əksinə olaraq ayaq üstdə durmağı bacardı".

20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ, Azərbaycan SSR Konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin isə bu faciədən sonra da yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən əllərini çəkmədilər. Onların əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Lakin bu qanlı qırğın Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu.

Ziyarətçi Bayram Bayramov: "Mən hər dəfə Şəhidlər Xiyabanını ziyarət edərkən həmin anlar sanki bir daha gözlərimin önündən keçir. Onlar xalq, millət və torpaq uğrunda öz canlarından keçdilər. Şəhidlik böyük bir zirvədir. O zirvəyə isə hər adam yüksələ bilmir. Arzum budur ki, bizim gənclərimiz bu şəhidlərdən örnək götürsün".

Ziyarətçi Cahid Məmmədov: "Şəhid Xiyabanını ziyarət etdiyim an həm qürur, həm də təəssüf hissi keçirirəm. Çünki həmin gün günahsız, xeyli sayda cavanlarımız erməni daşnaklarının və Sovet imperiyasının güllələrinə tuş gəldi. Gənclərimizə arzu edirəm ki, şəhidlərimizi heç bir zaman unutmasınlar. Bu bir həyat yoludur".

Ziyarətçi Rəna Məmmədova: "Hər dəfə 20 Yanvar tarixi gələn kimi çox üzgün və məyus oluram . Ən böyük arzum odur ki, bu hadisələr bir daha Azərbaycan xalqının başına gətirilməsin və tezliklə Dağlıq Qarabağ torpaqı işğalçı ölkədən azad edilsin. Biz hər an şəhidlərimizi yad edir və öz uşaqlarımızı, nəvələrimizi düşmənə qisas ruhunda tərbiyə edirik".

Ziyarətçi Qərənfil Mansurova: "Adım Qərənfil olduğu üçün bu adın da böyük ağrısını yaşayıram. Bu hadisələr törədilən zaman mənim 19 yaşım var idi. Həmin hadisələr vaxtı universitetə imtana getmişdim. Elmlər Metrostansiyasının yanından keçərkən yolda iki mişar daşının qoyulduğunu gördüm. Sonradan bildim ki, orada bir nəfər tankla vurularaq öldürülüb. Beləcə hər dəfə 20 Yanvar günü həmin hadisələr kino lenti kimi gözlərimin önündən keçir".

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.

Beləcə Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.