Bu gün Azərbaycanın xalq artisti, rəqqasə Afaq Məlikovanın ad günüdür. SİA-nın məlumatına görə, xalq artisti 67 yaşını qeyd edir.
Nəzərinizə çatdıraq ki, Afaq Məlikova 1947-ci il yanvarın 18-də Bakıda dünyaya gəlib. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir.
Afaq Süleyman qızı 1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin mahir ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir.
Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və başqaları) çıxış edib.
Qeyd edək ki, 1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışan A.Məlikova ömrünün 45 ilini səhnəyə həsr edib.