“El” Hərəkatının Milli Şuradan çıxma ehtimalı artır TƏHLİL

15 Yanvar 2014 18:01 (UTC+04:00)
"El" hərəkatının Milli Şuradan çıxma ehtimalı getdikcə artır. Belə ki, hərəkatın rəhbərliyi bu barədə mediaya verdikləri açıqlamalarında qeyd edirlər ki, qurum daxilində müəyyən razılaşmalar olub. Razılaşmalara əsasən, Milli Şuradan ayrılmaq istəyən "El" üzvləri fərdi qaydada istefa vermək imkanına malikdirlər. Ancaq bu qərar verilməmişdən öncə hərəkatın aparıcı fiqurlarından sayılan Zəfər Quliyev artıq Milli Şurada təmsil olunmur. Bu amil isə belə qənaətə gəlməyə əsas yaradır ki, proses artan yeni sürət alacaq.

Eldəniz Quliyev: "Hər kəs orada qalıb-qalmamaq haqqında düşünəcək"

Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın saxlanılmasında maraqlı olduğunu bildirsə də qurumda müəyyən dəyişikliklər olmasa, istefa verə bilər: "Lakin Milli Şuranın fəaliyyət proqramı olmasa, irəli sürülən mütərəqqi təkliflərə əhəmiyyət verilməsə, əlbəttə ki, hər kəs orda qalıb-qalmamaq haqqında düşünəcək".

Köçəri Nağıbəyli: "İstəməyən gedir"

"El" hərəkatının sədr müavini Köçəri Nağıbəyli isə öz növbəsində Milli Şurada qalıb-qalmamaqla bağlı yaxın günlərdə qərar verəcəyini bildirib. O, Milli Şuranın ayrıca təşkilat olmadığı qənaətindədir: "Milli Şura təşkilatların deyil, fərdlərin birliyidir. Ona görə də kim istəyirsə, qurumda qalır, istəməyən də gedir. Bu, hər kəsin müstəsna hüququdur. Mənim bu barədə hələ ki son qərarım yoxdur. Ola bilsin ki, qurumun sessiyasında qərarımı açıqlayım".

Rövşən Əhmədli: "İstefa vermək hər zaman mümkündür"

Hərəkatın İdarə Heyətinin üzvü Rövşən Əhmədlinin fikrincə isə əslində Milli Şura yaranmayıb. Çünki Milli Şura ənənəvi müxalifətin əvvəlki formatlarından fərqli olmayan qarşıdurmalar qurumuna çevrilib: "Milli Şura İctimai Palata kimi bir əməkdaşlıq blokuna çevrilib… Milli Şura iddialı partiyaların çəkişmə yeri olmalı deyildi. Bu gün Milli Şuranı yenidən formalaşdırmaq əsas şərtlərdən biridir. İstefa vermək isə hər zaman mümkündür".

VHP Ali Məclisinin sədri, Milli Şura üzvü Rafiq Manaflı: "Buna artıq Milli Şura demək olmaz"

"Milli Şuranın formatı dəyişib və buna artıq Milli Şura demək olmaz". Bu fikirləri isə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. Onun fikrincə, "El" hərəkatı Milli Şuraya fərd olaraq deyil, təsisçi təşkilat olaraq gəlib: "Hərəkat uzun müddət danışıqlar apararaq, təşkilatın kvotasına uyğun Milli Şurada təmsil olunub. Ona görə də Eldar Namazovun "El" üzvlərinin ayrı-ayrılıqda Milli Şuradan istefa vermək hüquqlarının olması bəyanatı hərəkatın Milli Şuradan çıxacağı barədə anonsdur".

Milli Şura təmsilçisi qeyd edib ki, bu gün artıq Milli Şuranın güclənməsi deyil, qorunub saxlanması istiqamətində müzakirələr aparılır. Onun sözlərinə görə, VHP Milli Şurada iştirakla bağlı daxili müzakirələrdən sonra qərar verəcək.

Bütün bunlar isə bir daha öncədən verilən proqnozları, ehtimalları reallığa daha çox yaxınlaşdırır. Çünki "El"-in getməsi digər siyasi qurumların Milli Şuradan ayrılmaları istiqamətində yollarını açır. İlk olaraq isə həmin yolu Müsavat Partiyası açıb.

Rövşən NURƏDDİNOĞLU