Bu gün Nəsimi rayon Ağbirçək Qadınlar Şurası 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı ehsan süfrəsi açıb. SİA-nın məlumatına görə, ehsan süfrəsində Yeni Azərbaycan Partiyasının fəalları, şəhid ailələləri, ahıllar, ziyalılar və digərləri iştirak ediblər. Ehsan süfrəsində 20 Yanvar faciəsində şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Faciə ilə bağlı məlumat verən Nəsimi rayon Ağbirçək Qadınlar Şurasının sədri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının idarə heyətinin üzvü Zərifə Quliyeva bildirib ki, 20 yanvar günü bizim üçün ən faciəli gündür: "Bu gün hər birimizin yaddaşında qanlı faciə kimi silinməz izlər buraxıb. 20 Yanvar günü tək bizim deyi, bəşəriyyətin faciəsidir. Bu gün heç bir zaman unudulmayacaq. Heç kəs deməsin ki, 20 Yanvar faciəsi ildə bir dəfə xatırlanır. Bu elə deyil, əksinə bu gün hər zaman yaddaşımızda, şüurumuzdadır. Həmin gün canını qurban verən şəhidlərimiz bu gün üçün yəni, müstəqil Azərbaycan naminə canlarından keçiblər. 20 Yanvar günü faciəvi gün olmasına baxmayaraq, bəzi üzdən iraq adamlar bu gündən istifadə etməyə başladılar. Həmin kəslər hakimiyyət uğrunda ən dəhşətli gündən belə keçmədilər. Hadisə ilə bağlı heç kəs üzrxahlıq etmədi".
Z.Quliyeva həmçinin bildirib ki, hadisəyə ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib: "Belə ki, bu dəhşətlərdən sonra 1993-cü ildə xalqın iradəsi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ölkədə hərcmərcliyə baxmayaraq 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. O zamana qədər hadisəyə heç kim siyasi qiymət verməmişdi. İnanırıq və əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Biz onların intiqamını mütləq alacağıq".
Daha sonra çıxış edən professor Rəna Mirzəzadə ölkəmizdə şəhid ailələrinə verilən qiymətdən danışıb: "Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Bütün bu hadisələr o zaman sovet sisteminə baş əyməyimiz səbəbindən baş verib. O zaman ölkəmizdə lobbiçilik yox idi. Yalnız Ulu Öndər hakimiyyətə gəldikdən sonra başımıza gələn hadisələr dünya ölkələri və ictimaiyyətinə dəqiqliklə çatdırılmağa başlanıb".
Daha sonra ehsan süfrəsində çıxış edənlər vurğulayıblar ki, 20 Yanvar faciəsi hər bir azərbaycanlının yaddaşındadır və bundan sonra da unudulmayacaq.
Ehsan süfrəsində şəhidlərin ruhuna salavat çöndərilib, dualar oxunub.