Milli Şurada böhran davam edir - TƏHLİL

11 Yanvar 2014 11:08 (UTC+04:00)

Müsavat Partiyası Milli Şuradan ayrıldlqdan sonra qurumdaxili böhran davam edir. Belə ki, Milli Şurasının sessiyasının sessiyası təxirə salınıb və bu da onu göstərir ki, ortada ciddi fikir ayrılıqları mövcuddur. Eyni zamanda sessiyanın təxirə salınmasına səbəb qurumdaxili gərginliklə bağlı aparılan müzakirələrin hələ də başa çatmamasıdır. Onu da qeyd edək ki,sessiyanın növbəti həftə keçiriləcəyi ilə bağlı razılıq əldə olunsa da dəqiq tarix müəyyənləşdirilməyib.

Lakin Müsavat Partiyası ilə yanaşı, qurumda təmsil olunan digər siyasi təşkilatların Milli Şuradan ayrılması ehtimalları artmaqda davam edir. Məsələn, "El" Hərəkatının Milli Şurada qalıb-qalmaması ilə bağlı qurumun İdarə Heyətinin keçirilən iclası da fikir ayrılıqları səbənidən yarımçıq qalıb.

Eldəniz Quliyev: "El" Hərəkatının getməsi Milli Şuranın sonudur"

"El" Hərəkatı sədrinin müavini, Milli Şuradan istefa vermiş Zəfər Quliyev bildirib ki, Milli Şuranın hansı qərar verməsindən asılı olmayaraq, hərəkat yekun qərarını verəcək: "Milli Şurada ciddi böhranlı vəziyyət yaranıb və bunu hamı etiraf edir. Ona görə də "El" Hərəkatı da Milli Şurada qalıb-qalmamaq məsələsini müzakirəyə çıxarıb".

Onu da qeyd edək ki, Hərəkatın digər rəsmisi Eldəniz Quliyev də Milli Şuradan getmək ehtimalını gizlətməyib. Ancaq o, bu addımı Müsavatın addımı ilə eyniləşdirməməsi vacibliyini də deyib: ""El" Hərəkatının getməsi Milli Şuranın sonudur. Müsavat Partiyasının getməsi isə sadəcə, Milli Şuraya zərbə idi. O zərbə ağrıdan daha çox ayıltmağa xidmət etməli idi. Ancaq bəzi obyektiv və subyektiv səbəblər var ki, bu məsələlər sessiyada, sessiyadan əvvəl siyasi partiya və hərəkat rəhbərləri ilə müzakirə edilib çözülməlidir. Mən kənardan bunu ancaq arzu edə bilərəm".

Mirmahmud Mirəlioğlu: "Müvafiq qərar veriləcək"

KXCP də Milli Şuradan istefa məsələsini gündəmə çıxaracağını bəyan edib. Klassiklərin sədri Mirmahmud Mirəlioğlunun fikrincə, KXCP Milli Şura ilə bağlı qərarını gələn həftə verəcək: "Bu məsələ bazar ertəsi partiyanın İdarə Heyətinin iclasında müzakirə olunacaq və müvafiq qərar veriləcək".

Göründüyü kimi, Milli Şura təmsilçiləri qurumdan gedəcəklərini istisna etməməklə yanaşı, artıq oranın gələcəyinin olmamasını, heç bir siyasi uğura imza ata bilməyəcəyini də bildirirlər. Daha dəqiq desək, siyasi təşkilatlar daxilində Milli Şurada qalıb-qalmamaq müzakirələrinin aparılması qeyd edilən fikirləri özündə kifayət qədər ehtiva edir.

Rövşən NURƏDDİNOĞLU