“Milli Şura” ənənəvi müxalifətin son dayanacağıdır TƏHLİL

8 Yanvar 2014 16:27 (UTC+04:00)
İstər 2013-cü il prezident seçkilərdən öncə, istərsə də seçkilərdən sonra ənənəvi müxalifət düşərgəsi təmsilçilərinin toplaşdıqları "Milli Şura"nın parçalanacağı tam dəqiqliyi ilə görünürdü. Çünki "müttəfiq" adı altında birgə fəaliyyət göstərən aparıcı partiyaların, partiya "liderlərinin" daha öncəki nifaq və qovğaları məhz belə düşünməyə səbəb olurdu. "Milli Şura" təsis olunarkən, bir çox siyasi analitiklərin proqnozlarında qurumun parçalanması istiqamətində kifayət qədər məqamların olması önə çəkilirdi ki, onlardan biri də əlbəttə ki, AXCP və Müsavat sədrlərinin qarşılıqlı antipatiyalarıdır. Məhz antipatik hisslər sonradan böyük qalmaqallara, ziddiyyətlərə, qarşıdurmalara doğru inkişaf etdi ki, bu faktor özünü hələ "İctimai Palata"da sərgiləyirdi. Digər tərəfdən, "müttəfiqlərin" bloku olan bu "Milli Şura"da tərəfdaşlıqdan ümumiyyətlə, söhbət belə getmirdi.

Əsas məsələ Müsavat partiyasının mövqeyinin hansı məcraya doğru inkişaf etməsi idi

Xatırladaq ki, seçkilərdən sonra quruma daxil olan partiyalar bir-birini ən kəskin şəkildə ittiham, hətta təhqir edirdi. Buna misal kimi ACP-nin eks "lideri" Rəsul Quliyevin sosial şəbəkələrdə yayılmış çoxsaylı statuslarını, fikirlərini göstərmək mümkündür. Əgər buraya "El"-in, KXCP-nin, həmçinin fərdi olaraq təmsil olunan tərəflərin də fikirlərini əlavə etsək, bu zaman hər şey tam çılpaqlığı ilə özünü nəzərə çarpdırmış olur.

Ancaq əsas məsələ əlbəttə ki, Müsavat partiyasının mövqeyinin hansı məcraya doğru inkişaf etməsi idi. Cəld tərpənməyə imkan tapan Müsavat rəhbərliyi "Milli Şura"dakı mövqelərinin zəiflədiyini hidd etdiyi andan başlayaraq, alternativ gedişlər etmək qərarına gəldi. Prezident seçkilərdən öncə fəaliyyətinə qeyri-rəsmi də olsa xitam verilən "İctimai Palata" adlı qurumu təzədən bərpa etmək təklifi ilə çıxış etməyə başlayan Müsavat rəsmiləri əslinə baxanda onlara qarşı hücumların başlayacağını öncədən bildirdi və bu amil onlara hava-su kimi lazım idi. O da sirr deyil ki, Müsavat tərəfi "İctimai Palata" iddiasını ortaya atdıqdan sonra ilk olaraq AXCP-nin rəhbər struklturları qarşı tərəfi "Milli Şura"dan ayrılmaq üçün bəhanə axtarmaqda günahlandırmağa başladı. ""İctimai Palata" öz ömrünü başa vurub, onun bərpasına zərurət yoxdur" - deyə bəyanatlar səsləndirən "Cəbhə" funksionerlərinin bu tipli açıqlamalarından sonra isə Müsavatın gedəcəyi yüz fazilik baryeri aşdı.

Düzdür, bəzi siyasi təhlilçiləri belə proqnoz verirdilər ki, Müsavat "Milli Şura"da qalmaqla gizli şəkildə "İctimai Palata"nın fəaliyyəti üzərində iş aparacaq və bundan sonra qurumu tərk edəcək. Lakin həmin proqnozlar özünü doğrultmadı. Müsavat partiyası qərarını verdi və qapını çöldən bağladı.

Xalqın dəstəklədiyi hakimiyyəti özlərinə düşmən elan etmiş ənənəvi müxalifət "liderləri" son anda bir-birlərini iqtidarla iş birliyi qurmaqda ittiham edirlər

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat partiyasının "Milli Şura"dan getməsi xəbərini şərh edərkən dedi ki, Müsavat rəhbərliyi bu birliyi öz korporativ maraqlarına qurban verdi: "Milli Şura bütün müxalif düşərgənin birlik formatı idi və prezident seçkilərində də bunu təsdiq edərək, cəmiyyətin dəstəyini aldı. Milli Şuradan çıxmaq qərarının arxasında Müsavat Partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur".

"Cəbhə" rəsmisi Müsavat rəhbərliyini mandat alverində də ittiham etdi: "Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər. Təəssüf ki, Müsavat partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdi. Bu dəyişiklik Müsavatın hakimiyyətə qarşı loyallaşmasına səbəb olacaq. Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat partiyasının daxilində etirazla qarşılanacaq".

Müsavat partiyası da öz növbəsində AXCP sədri Əli Kərimlinin iki dəfə parlamentə qatılmasını xatırladaraq, onu iqtidarla iş birliyi qurmaqda suçladılar. Halbuki, hakimiyyət ümumiyyətlə, həmin partiyaların anti-dəvlətçilik, anti-milli maraqlarını rədd edir və sağlam düşüncəli siyasəti dəstəkləyir. Belə olan halda görünən budur ki, xalqın dəstəklədiyi hakimiyyəti özlərinə düşmən elan etmiş ənənəvi müxalifət partiyaları və onların "liderləri" son anda bir-birlərini iqtidarla iş birliyində olmasında ittiham edirlər.

Ancaq məsələ ondadır ki, bir-birlərinin düşmənçiliklərini heç bir halda gizlədə bilməyən "liderlər" son anda hər zaman xalqın kəskin qınağı ilə üz-üzə qalmağa məhkumdurlar. Bunu "Milli Şura"dakı son proseslər bir daha təsdiq etdi. Beləliklə, həm də belə nəticəyə gəlmək mümkündür ki, "Milli Şura" ənənəvi müxalifətin siyasi arenadakı son dayanacağıdır.

Rövşən NURƏDDİNOĞLU