Əli Kərimlinin bitməyən MAXİNASİYALARI TƏHLİL

31 Dekabr 2013 15:59 (UTC+04:00)

AXCP sədri Əli Kərimlinin daha bir maxinasiyası üzə çıxdı. Belə ki, Cəbhə sədrinin Azərbaycanda bir sıra maraqları olan və maraqlarının təmin olunması üçün təzyiqlər göstərməyə cəhd edən beynəlxalq təşkilatlardan aldığı qrant vəsaitlərinə daha biri də əlavə olunub. Onun Avropa Demokratiya Naminə Dəstək Fondundan 200 min dollar məbləğində qrant alması arxasında isə bir çox qaranlıq məsələlər dayanıb. Və çox maraqlıdır ki, daimi olaraq "demokratiyadan", "azadlıqdan", "korrupsiyadan" pafosla danışan Əli Kərimli yenə də əldə etdiyi vəsaitləri partiyadaşlarından gizlədib. Məsələn, "Azadlıq" qəzetinin böyük məbləğdə olan borcları, AXCP-nin qərargahla bağlı problemləri, icazısiz aksialara qatıldıqlarına görə Cəbhə fəallarının ödənməmiş cərimələri və digər problemlərə baxmayaraq, Əli Kərimli tərəfindən mənimsənilmiş vəsaitlər sözügedən istiqamətlərə xərclənməyib.Beləliklə, Əli Kərimlinin özündən və özünə yaxın olan ətrafından başqa bu barədə heç bir AXCP üzvünün xəbəri yoxdur.

Lakin digər maraqdoğurucu məqam da budur ki, gah xalqın cibinə girərək müxtəlif pulyığma kampaniyaları keçirən Cəbhə sədri utanmaz-utanmaz elektoratı qarşısına çıxaraq özünü xalq yolunda yanan "əzabkeş azadlıq mücadiləçisi" kimi təqdim edir.

Bu kimi məsələlər isə bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, təmsil olunduğu düşərgədə əvəzolunmaz maxinator kimi tanınan AXCP sədri Əli Kərimli bu ərəfələrdə cəbhəçilər qarşısında hesabat verməyə məcbur olacaq. Çünki bu dəfə onun harasa qaçmağa imkanı yoxdur.

Rövşən NURƏDDİNOĞLU