Ukraynada həmrəylik günü qeyd edilib

30 Dekabr 2013 14:18 (UTC+04:00)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin(UAGB) Dnepropetrovsk Vilayət təşkilatının təşəbbüsü ilə Dnepropetrovski şəhərindəki 1 saylı uşaq evində xeyriyyə konserti keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, UAGB –in Dnepropetrovsk vilayət təşkilatının nümayəndələri ilk öncə internat evindəki xəstə uşaqlara hədiyyələr təqdim edərək, onların həssas qəlbini sevindiriblər.

Uşaqlarla keçirilən görüşdə Ukrayna Azərbaycanlıları konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev və UAGB-nin Dnepropetrovsk vilayət təşkilatının rəhbəri Elza Bəkirova çıxış edərək internet evinin balaca sakinlərini yeni il münasibəti ilə təbrik ediblər. Onlara sağlam həyat və xoşbəxt gələcək arzulayıblar .

Elza Bəkirova çıxışında qeyd edib ki, uşaq evində olan körpələrin gülüşü üçün əllərindən gələni il boyu edəcəklər : "Çünki siz bizim gələcəyimizsiniz və sizin üzünüzün gülüşü bizim sevincimizdir. Artıq 5 ildən çoxdur ki, biz sizinləyik. Hər zaman sizi sevindirmək bizim borcumuzdur. Siz tək deyilsiniz, biz sizinlə varıq".

Tədbirdə çıxış edən Dnepropetrovsk şəhər 1 saylı uşaq evinin müəllimləri hər il ənənəvi olaraq uşaq evinə maddi və mənəvi yardım göstərdiklərinə görə azərbaycanlı gənclərə və diaspora nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Sonra Azərbaycan Konqresinin və gənclər birliyinin təşkilatçılığı ilə uşaqlar üçün maraqlı konsert proqramı nümayiş etdirilib. Yeni ilin ilk günlərinə xoş ovqatla başlayan uşaqlar azərbaycanlı gənlərlə rəqs edib ürəkdolusu şənləniblər .