Elektron ticarət dövriyyəsinin real həcmi 1,6 dəfə artıb

30 Dekabr 2013 11:00 (UTC+04:00)

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsinin real həcmi 1,6 dəfə artaraq 2 289,2 min manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, elektron ticarət üzrə istehlak mallarının satışının 83%-i hüquqi şəxslər, 17%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilib.

Hesabat dövründə elektron ticarət dövriyyəsinin 89,6%-ni təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artaraq 2 050,8 min manata bərabər olub. Elektron ticarət əsasında istehlakçılara 238,4 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox ərzaq malları satılıb.