Qarabağ qazilərinin acısı üzərində siyasi şou düzənləməyə çalışan radikal müxalifət niyyətinə çatmayacaq

29 Dekabr 2013 13:33 (UTC+04:00)

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Qarabağ qazilərinin və şəhid ailələrinin övladları üçün bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycanda dövlət səviyyəsində Qarabağ qazilərinə, şəhid ailələrinə və bütövlükdə Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuş ailələrə böyük diqqət və qayğı göstərilir: "YAP-ın Sədri, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara qarşı daim diqqətli olub, onların istənilən səviyyədə problemlərini həll edib. Onlar üçün mənzillərin inşa edilməsi, xüsusi avtomobillərin alınması, təqaüdlərinin vaxtaşırı olaraq qalıdırılması söylənilənləri isbatlayır. Elə bir neçə gün öncə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə avtomobillərin alınmasına 5 milyon manatın ayrılması da sözügedən diqqət və qayğının bariz nümunəsidir".

Çıxış edən Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev deyib ki, onlar hər zaman Azərbaycan dövlətinə sadiqliklərini nümayiş etdirib və bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklər: "Doğrudur, bu gün silahdaşlarımızdan birinin vəfatı xəbəri bizləri çox üzdü. Onun məlum hadisə zamanı xəsarət alması və sonradan vəfat etməsi hər bir Qarabağ döyüşçüsünü məyus etdi. Lakin bizi sevindirən bir məqam var, o da Prezident İlham Əliyevin dərhal bu hadisəyə reaksiya və lazımı göstərişləri verməsi idi. Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyev daim bizimlədir, Qarabağ döyüşçülərini, şəhid ailələrini diqqətdə saxlayır".

Tədbir iştirakçısı olan Qarabağ qazilərinin və şəhid ailələrinin nümayəndələri isə vurğulayıblar ki, Qarabağ qazilərinin acısı üzərində siyasi şou düzənləməyə çalışan radikal müxalifət niyyətinə çatmayacaq. Çünki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman dövlətçiliyi müdafiə edib və Prezident İlham Əliyevə olan dəstəyini 9 oktyabr 2013-cü il tarixində nümayiş etdirib.

Tədbirin sonunda Qarabağ qazilərinin və şəhid ailələrinin övladlarına bayram hədiyyələri verilib, onların arzu və diləkləri dinlənilib.