Emənistanın Gömrük İttifaqı siyasəti də ona problem gətirir

28 Dekabr 2013 14:39 (UTC+04:00)

Ermənistanın Gömrük İttifaqına qəbulu məsələsi özünün aktiv fazasına daxil olmaqdadır. Çoxillik tərəddüdən sonra avrointeqrasiya siyasətindən imtina edərək Avrasiya İttifaqına qoşulmasına dair bəyanatı indi onun təşkilatı formasına keçməkdədir.

Ancaq indi qonşu ölkənin hətta bu strateji xətti də müəyyən çətinliklərlə üzləşməkdədir. Avrasiya İttifaqının təsisçilərindən olan Qazaxıstan Ermənistanın təşkilata daxil olması üçün hazırlanan " yol xəritəsinə" xüsusi rəy yazacağını bildirib. Bu rəyin isə Ermənistanın sərhədlərinin dəqiqləşdirilməsi barədə olacağı isə artıq bildirilib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən bildirilən mövqe artıq Ermənistanda ciddi narahatçılıq doğurub. Hakimiyyətə bağlı siyasətçilər bunu Azərbaycan-Qazaxıstan dostluğu ilə izah edir və üzvlük məsələsini Dağlıq Qarabağ məsləsi ilə bağlamamağa çağırırlar.

Azərbaycan açıq şəkildəbildirib ki,Ermənistanın xarici siyasi kursunda onun suverenliyinə və ərazi bütövlüyünə zərə verən istənilən xəttin əleyhinədir. Rəsmi Yerevan Gömrük İttifaqı seçimində təşkilata üzv olduqdan sonra onun imkanlarından işğal altında saxladığı Azərbaycan əraziləri üçün də istifadə edəcəyini sentyabr ayından bəri dəfələrlə bildiribdir. Bununla da Ermənistan hətta beynəlxalq təşkilatlarda üzvülüyü ilə də torpaqlarımızın işğalını rəsmiləşdirməyə çalışır.

Ermənistan hesab edirdi ki, Gömrük İttifaqına üzv olmaqla bir tərəfdən Rusiya hesabına iqtisadi problemlərini həll edəcək, digər tərəfdən isə Azərbaycanın işğal etdiyi torpaqları yenə də nəzarət altında saxlamaqda davam edəcək. Ancaq Qazaxıstanın sərt və obyektiv mövqeyi onun bu xülyalarını böyük sual altına qoydu. Belə ki, Mərkəzi Asiya ölkəsi ümumi bazar telləri ilə bağlanacağı ölkənin avantürist siyasətinə yardımçı olmayacağını artıq kifayət qədər sərt səsləndirib.

Belə mövqenin Gömrük İttifaqının digər təsisçisi Belarus tərəfindən də ortaya qoyulması mümkün məsələdir. Azərbaycanla sıx dostluq və iqtisadi tellərlə bağlı olan Belarusun da Ermənistanın işğalçı siyasətinə dəstək olmayacağı tamamilə gözləniləndir.

Beləliklə də, dərin böhranda olan Ermənistanı hətta Gömrük İttifaqının da xilas etməyəcəyi aydın görünür. Qonşu ölkəyə qarşı aqressiyası və düşünlməmiş Dağlıq Qarabağ siyasəti Ermənistanı düşdüyü uçurumun dərinliklərinə aparmaqdadır. Millətçi erməi fəlsəfəsinin müstəqil dövlətlərinin taleyinə hələ çox fəsadlar yazacağı tamamilə qanunauyğundur.