Alıcılar Bayram yarmarkalarından razıdırlarmı? REPORTAJ-FOTOSESSİYA

28 Dekabr 2013 13:55 (UTC+04:00)

Bu gündən etibarən paytaxtımızın müxtəlif yerlərində bayram yarmarkaları təşkil olunub. Əsas məqsəd isə Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkalar İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində təşkil olunub və dekabarın 31-də sona çatacaq.

4 gün davam edəcək yarmarkalarda əhali yumurtanın 1 ədədini 10-11 qəpiyə, kartofun 1 kiloqramını 70 qəpiyə, soğanı 45 qəpiyə, çeşidindən asıl olaraq toyuq ətinin 1 kiloqramını isə 2,30-2,50 manata ala bilərlər.

Yarmarkalarda alıcılar istənilən ərzaq məhsulunu adi günlərdə mağazalardan qat-qat ucuz qiymətə ala biləcəklər.

Alıcı, Zöhrə Musatafayeva: "Biz təşkil olunmuş bayram yarmarkalarından çox razıyıq. Hərdən şahidi oluruq ki, məhsullar çox baha olur. Amma bu dəfə tam əksinədir. Deyə bilərəm ki, bazar qiyməti ilə bayram yarmarkasının qiymətləri arasında çox fərq var. Məsələn, bazardan aldığım 1 manatlıq alma bu yarmarkada 60 qəpiyə təqdim olunur".

Alıcı Vüsalə Həsənova: "Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, paytaxtın müxtəlif yerlərdə bayram günü ilə əlaqədar bu cür yarmarkalar təşkil edib. Mən hər il yarmarkalardan bazarlıq edirəm. Məhsullara bazar qiymətlərindən çox fərqlənir. Hətta mən iki dəfə bazarlıq etmişəm. Əgər bazarda kartof 1 manat 50 qəpikdirsə, burada 70 qəpiyədir".

Alıcı Arzu Qasımova: "Mən hələ indi bazarlıq edirəm. Biz də eşitdik ki, bayram günü ilə əlaqədar yarmarkalar təşkil olunub və qərara gəldik ki, buradan bazarlıq edək. İnanın ki, bura bazar qiymətlərindən çox fərqlənir. Çox istərdik ki, bu cür yarmarkalar mütəmadi təşkil olunsun".

Alıcı Oktay Cəfərov: "Mən bu addımı çox yüksək qiymətləndirirəm. Bura bazar qiymətlərindən çox fərqlənir. Biz çox istərdik ki, nəinki Yeni il eləcə də əlamətdar günlərin hər birində bu kimi yarmarkalar təşkil edilsin".

Satıcılar da eyni fikirdə olmaqla yanaşı məhsullarının bazar qiymətlərindən ucuz olmasını dilə gətirdilər.

Satıcı Sahil Gülməmmədov: "Biz burada alıcılara qozun, fındığın 1 kiloqramını 3 manata təqdim edirik. Fındığın ləpəsi 6 manata , qozun ləpəsi isə 7-8 manatadır. Əvvəllər bundan daha baha idi. Belə ki, 8 manata satdığımız qozun ləpəsini əvvəllər 10 manata təqdim edirdik. Bu məhsullar ancaq Qəbələ rayonundan gətirilib. Alıcılıq qabiliyyəti hələ ki, zəifdir. Amma inanırıq ki, bayrama yaxın bu normallaşacaq".

Satıcı Elvin Həsənov: "Alıcılıq qabiliyyəti hələki normaldır. Səhər saatları olmasına baxmayaraq 30-50 nəfər alıcı gəlib buradan bazarlıq edib. Qiymətlər dükanlarda, bazarda satılan məshulların qiymətlərindən 50 qəpik, 1 manat aşağıdır".

Qeyd edək ki, satış yarmarkaları Bakının Binəqədi, Xətai, Nərimanov, Səbail, Nəsimi, Suraxanı, Yasamal rayonlarında təşkil olunub.