Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün yarım milyon manat ayrıldı

27 Dekabr 2013 18:46 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500,0 (beş yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".