Ənənəvi müxalifət düşərgəsində cərəyan edən son hadisələr sanki bir-biri ilə bağlı olan proseslərdən qaynaqlanır ki, həmin proseslərin də kökündə vahid hegemonçuluq iddialarının dayanması şübhəsizdir. Daha dəqiq desək, bir partiya rəhbərliklərinin iddiaları digərlər partiya rəhbərlikləri tərəfindən həzm olunmur ki, belə vəziyyət fonunda hər hansı müxalifət birliyi haqqında düşünmək sadəcə sadəlöhvlük kimi də başa düşülməlidir. Hələ prezident seçkisindən əvvəl ənənəvi müxalifətdə baş verənlər düşərgənin bugünkü vəziyyətə doğri sürətlə irəliləcəyini proqnozlaşdırırdı. Məsələn, "Milli Şura" təsis olunmamışdan öncə "İctimai Palata"nın mövcudluğu böyük sual altında qalmışdı. Belə ki, həmin vaxtlar iki partiya – Müsavat və AXCP arasında "palata"ya tam nəzarət etmək üstündə qarşıdurmalar yaşanırdı. Daha dəqiq desək, 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca, vahid namizəd statusuna yiyələnmək iddiaları da artırdı. O cümlədən, öncə Müsavat partiyası tərəfindən irəli sürülən "superpartiya" təklifi elə həmin təşkilat tərəfindən də rədd edildi. Nəticədə AXCP Müsavat partiyası qarşısında rüsvayçılıq yaşamalı oldu. Çünki AXCP Müsavat partiyasının "superpartiya" təklifini qəbul etmişdi. Müsavatın daha sonra öz təklifindən imtina etməsi isə söz yox ki, "cəbhə"nin maraqlarını alt-üst etməyə müvəffəq oldu.
"Milli Şura" ümidləri doğrultmadı
Lakin sonradan xarici qüvvələr tərəfindən ortaya atılan "Milli Şura" ideyası və həmin ideya ətrafında yığışan tərəflərin müvəqqəti razılaşmaya gəlmələri "İctimai Palata" daxilində yaranmış çoxsaylı qarşıdurmaları arxa plana çəkdi. Ancaq bu o demək deyildi ki, "Milli Şura"nın təsisi müxalifəti bir araya gətirməyə müvəffəq oldu. Çünki ənənəvi düşərgəni bundan sonra daha acınacaqlı vəziyyət gözləyirdi. Həmçinin, kökü nəinki "İctimai Palata"ya o cümlədən daha öncəki düşərgədaxili qurumlara söykənən AXCP- Müsavat qarşıdurması "Milli Şura"da davam etməyə başladı.
"İctimai Palata" Müsavatın "cəbhəçilərlə" savaşında son səngərinə çevrilib
Xatırladaq ki, "İctimai Palata"da öz aralarında vahid namizədi bölüşdürə bilməyən iki partiya "Milli Şura"da da bu ad üzərində qarşıdurmalar yaşadılar. Məsələn, daha öncə Rüstəm İbrahimbəyovun vahid namizədliyi həm Müsavat, həm də AXCP tərəfindən qəbul olundu. Fəqət, sonradan müsavatçılar onun müxtəlif bəhanələrlə Azərbaycana geri dönməməsini bəhanə edərək, alternativ vahid namizədin seçilməsi vacibliyini tələb etməyə başladılar. Beləliklə, bu dəfə də Müsavatın tələbi ilə razılaşmağa məcbur olan AXCP də yeni vahid namizədin seçilməsi təklifi ilə barışdılar. Çünki İbrahimbəyov seçkilərə bir ay qalmış öz yerinə namizəd kimi Cəmil Həsənlinin namizədliyini irəli sürmüş oldu.
Ancaq bu da son olmadı. Məsələnin maraqlı məqamı budur ki, C.Həsənli keçmiş "cəbhəçi" kimi AXCP-nin maraqlarını müdafiə etməyə başladı. Bununla da AXCP Müsavat Partiyasından öz revanşını almağı bacardı. Seçkilərdə acı məğlubiyyətlə qarşılaşan "Milli Şura"da sonrakı proseslər də proqnozlaşdırıldığı kimi davam etdi. C.Həsənli və AXCP Müsavat rəsmiləri tərəfindən məğlubiyyətin əsas səbəbkarı kimi göstərilməyə başladı. Məhz bundan sonra münasibətlər yenidən korlandı ki, hazırda bu amil özünü "İctimai Palata"-"Milli Şura" kontekstində sərgiləməkdədir.
Bu məkanlar savaş meydanına dönüb
Artıq "İctimai Palata"nın buraxılması tələbi ilə çıxış etməyə başlayan AXCP rəsmiləri Müsavatın ciddi təpkiləri və etirazları ilə qarşı-qarşıya qalmaqdadırlar. Bunun isə səbəbi bəllidir. Xatırladaq ki, Müsavat partiyasının başqanı İsa Qəmbər başqanlıq postunun son dövrlərini yaşayır. Partiya istər-istəməz öz qurultayını çağırmalı və İsa Qəmbər başqanlıq vəzifəsi ilə vidalaşmalıdır ki, bu baş verərsə, onun Müsvatdakı tribunası əlindən çıxacaq. Bu səbəbdən, "İctimai Palata"nın saxlanılması həm Müsavat partiyasına, həm də İ.Qəmbərə hava və su kimi lazımdır. Çünki "palata" bilavasitə Müsavat partiyası rəhbərliyi üçün ən əlverişli tribuna rolunu oynaya bilər.
Digər tərəfdən, "İctimai Palata"ya Müsavat Partiyasını dəstəkləyən partiya və fərdlər də toplaşmaqla, "Milli Şura"ya qarşı, daha dəqiqi, AXCP hegemonluğuna qarşı kəskin mübarizə aparıla bilər. Bu baxımdan, Müsavat rəsmiləri hazırda "İctimai Palata"nın saxlanması, AXCP funksionerləri isə bu qurumun buraxılması uğrunda barışmaz savaşa başlayıblar. Bu amil isə artıq bir daha sübut edir ki, "Milli Şura", eləcə də "İctimai Palata" heç də "demokratik qüvvələrin birləşdikləri məkan" statusunu daşımır. Həmin məkanlar ənənəvi müxalifətin bir-birləri ilə savaş meydanlarına çevrilib. Belə savaşlar isə yaxın zamanlarda öz təsirini daha sərt şəkildə göstərməyə başlayacaq.
Rövşən NURƏDDİNOĞLU