Heydər Əliyev Mərkəzində “Vera məhəlləsinin musiqiləri” müziklı təqdim olunacaq

27 Dekabr 2013 17:32 (UTC+04:00)

2014-cü il yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə "Vera məhəlləsinin musiqiləri" müziklı ("Melodies of Vera District") Azərbaycan tamaşaçılarına təqdim olunacaq. Mərkəzin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınan, musiqili komediya janrında olan eyniadlı bədii film Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müzikla fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib. Tamaşada dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlər bir-biri ilə mükəmməl vəhdəd təşkil edir.

Müziklda Gürcüstanın tanınmış sənət adamları Vaxtanq Kikabidze, Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, Z.Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edəcəklər.

Qeyd edək ki, müziklın Gürcüstanda 25 təqdimatı tam anşlaqla keçib.