Seymur Orucov: “Cənab İlham Əliyev Türk dünyasının Lideridir”

27 Dekabr 2013 16:42 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovun SİA-ya müsahibəsi:

- Seymur müəllim, 2013-cü il ölkəmiz üçün bir çox uğurlarla yaddaqalan oldu. Təbii ki, Azərbaycan gəncləri də bu uğurlardan bəhrələndi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 2013-cü ili necə başa vurur?

- Doğrudur, 2013-cü il Azərbaycan dövləti üçün ən yaddaqalan il oldu. Bu ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin də uğurları, əldə etdiyi nəaliyyətləri hər kəsin gözü önündədir. Bütün dünyanın marağında olan, dövlətimizi, xalqımızı düşündürən ən vacib yaddaqalan siyasi hadisə isə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin böyük səs çoxluğu ilə növbəti dəfə prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlməsi oldu. Bu da YAP-ın, gənclərimizin ən böyük uğurudur. Xüsusilə, seçki prosesində YAP gəncləri çox aktiv iştirak edərək, bütün məsələlərə yaxından dəstək verdilər.

Gənclərin seçki prosesində fəallığı tam könüllü şəkildə olub. Sosial şəbəkələrdə aktivlik nümayiş etdirərək Cənab Prezidentlə bağlı yeni-yeni materiallar hazırlayaraq qruplarda paylaşma etmələri də cəmiyyət tərəfindən alqışa layiq görüldü. Hətta, gözlənilmədən, belə gənclər təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün bizim ofislərimizə, partiyanın rayon təşkilatlarına müraciətlər ediblər. YAP gənclərinin bu istiqamətdə gördükləri bütün işləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, Qanunlarına, hüquq normalarına uyğun olaraq həyata keçirdilər. Prezident seçkilərindən sonra biz, potensiallı, ağıllı, zəkalı gənclərdən ibarət geniş bir kütlə qazandıq.

Qələbədə ən çox sevinənlərdən biri də məhz gənclər ordusu oldu. Bütün bunlar Azərbaycan gənclərinin cənab Prezidentə sevgilərinin sonsuz olmasının göstəricisi idi. Gənclərin mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi onların gələcək həyatlarını da Ölkə başçısı ilə bağlamaq istədiklərinin sübutudur. Bu gün biz güvənlə, əminliklə söyləyirik ki, cənab İlham Əliyev təkcə bizim deyil, bütünlükdə türk dünyasının Lideridir.

Hər ilin əvvəlində YAP Gənclər Birliyinin fəaliyyət planı təsdiq olunur və ona uyğun olaraq da gənclərimiz öz işlərini qururlar. Tədbirlər, fəaliyyət planında gənclərin təşəbbüslərini, ideyalarını milli-mənəvi dəyərlərimizi nəzərə alaraq, Azərbaycan gəncliyinə uyğun layihələr həyata keçiririk. Bizim ən ağrılı dərdimiz, problemimiz olan Dağlıq Qarabağın tarixi, Azərbaycana qarşı fasilələrlə edilən işğallar, orada ermənilərin etdikləri vəhşilikləri cəmiyyətə çatdırmaq məqsədi ilə Gənclər Birliyinin ofisində müxtəlif səpkili tədbirlər keçirilib, diskussyalar aparılıb. Prezident İlham Əliyev də vurğulayıb ki, biz hücum diplomatiyasından istifadə etməliyik. Məhz bu kimi əhəmiyyətli tezisi əsas götürərək, biz gənclər informasiya hücumunda qalib gəlməkdən ötrü daim maariflənməliyik.

Təşkilat tərəfindən siyasi məsələlərlə, tarixi hadisələrlə, bayramlarla əlaqədar olaraq da genişmiqyaslı tədbirlər qeyd edilib. Kreativ ideyaları özündə cəmləşdirən flaşmombların həyata keçirilməsi də YAP-ın gənclərinə məxsusdur. Deyərdim ki, artıq bizim gənclər ölkəmizə yenilik gətirən bir flaşmob institutu formalaşdırmağa başladılar. Bu flaşmobları gəncləri maarifləndirmək kimi də qiymətləndirə bilərik. Misal üçün kitab oxumaqla, əlillər günü ilə bağlı keçirilən flaşmoblar gənclərimzin ölkədə gedən bütün proseslərdə yaxından iştirak etməyindən xəbər verir.

Eyni zamanda, qeyd etmək istərdim ki, ənənəvi fəaliyyət göstərən yay və qış məktəblərində gənclərin müxtəlif ideyalar ətrafında birləşməsində bizim rolumuz danılmazdır. Ofisimizdə pulsuz şəkildə olan rus, ingilis dilləri kursları, İKT kursları həyata keçirilir. Beynəlxalq sferada da YAP gəncləri bir çox uğurlara imza atıb. Bir çox təşkilatların nümayəndələri ölkəmizə səfər edərək tədbirlərdə iştirak ediblər. Eyni zamanda bizim nümayəndələrimiz də həmin ölkələrə səfər ediblər.

YAP Gənclər Birliyi kifayət qədər öz funksiyalarını həyata keçirən və qəbul edilən böyük bir siyasi gənclər təşkilatıdır. Bu da partiyamızın apardığı düzgün siyasətin məntiqi nəticəsidir.

- Bütün bunları nəzərə alarkən, deyə bilərik ki, qarşıdan gələn ildə də biz YAP Gənclər Birliyinin növbəti uğurlarını görəcəyik. Bəs 2014-cü ildə Gənclər Birliyi hansı işləri planlaşdırır?

- Gənclər Birliyinin əsas hədəflərindən biri beynəlxalq münasibətləri gücləndirmək və xaricdə ən güclü Gənclər Birliyinə çevirməkdir. Ən böyük istəklərimizdən biri budur ki, gənclərin sosial durumu ilə bağlı uğurlu layihələr həyata keçirək. Milli-mənəvi dəyərlərimizi aşılamaq və dünyaya çatdırmaqla bağlı da çoxsaylı planlarımız var. Biz bu planları reallığa çevirməyi hədəfə almışıq və düşünürəm ki, bu kimi addımlarımız Azərbaycanın, Azərbaycan gəncliyinin inkişafına öz töhfəsini verəcək.

- Seymur müəllim, YAP Gənclər Birliyinin sədri kimi Azərbaycan gənclərinə qarşıdan gələn 2014-cü ildə nə arzu edərdiniz?

- Ən birinci, arzum hər bir gəncin sağlam olmasıdır. Hər bir gənc dövlətimizin yaratdığı bu gözəl şəraitdən özünün gələcək inkişafı üçün müsbət mənada istifadə etməsini, ölkəmizdəki ictimai-siyasi proseslərdə fəal iştirak etmələrini arzu edərdim. Təbii ən böyük arzularımdan biri də gənclərimizin təhsilli olmasıdır. İstərdim gənclərimiz elmə, tərəqqiyə daha böyük maraqla, sevgiylə yanaşsınlar. Azərbaycan gənci hər zaman milli-mənəvi dəyərlərə diqqəti artırsın. Gənclərimiz hər zaman cənab Prezidentimizin ətrafında hər zaman sıx birləşiblər və bundan sonrada da belə olacaq.

Bütövlükdə isə Azərbaycan gənclərinə dövlətçiliyə sadaqət, Vətənə məhəbbət və vətənpərvərlik ruhunda daha böyük uğurlar qazanmalarını arzu edirəm. Həmçinin, hər bir gənci qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm.

Rövşən NURƏDDİNOĞLU