ABŞ-da insanlar ajiotaj içində yaşayır

27 Dekabr 2013 08:48 (UTC+04:00)

Nyu-York ştatının Qarden-siti şəhərindəki ticarət mərkəzində çaxnaşma olub. Ətriyyat mağazasındakı satıcıların qışqırıqlarından sonra adamlar qaçışmağa başlayıblar. Mağazada tutulan oğru təhlükəsizlik xidmətinin üzvlərindən qaçmağa cəhd göstərərkən ətir flakonunu yerə salıb və ticarət mərkəzinə gələnlər bunun atışma səsi olduğunu güman ediblər.

Qışqırıqlar və yerə düşmüş flakonun səsi camaatın kütləvi surətdə ticarət mərkəzinin qapılarına tərəf qaçmasına səbəb olub ki, bu da tam xaosa gətirib çıxarıb. Yalnız polis gəldikdən sonra məlum olub ki, bu, növbəti atışma deyil, adi mağaza oğurluğudur.

Son iki ildə ABŞ-da kinoteatrlarda, restoranlarda və ticarət mərkəzlərində günahsız insanların kütləvi qırğını ilə nəticələnmiş bir sıra qanlı cinayətlər baş verib ki, bu da qeyri-adi vəziyyətlərdə vətəndaşların necə qorxuya düşdüklərini göstərir.