Müsavat Rüstəm İbrahimbəyovun ittihamnlarını rədd edir

26 Dekabr 2013 18:31 (UTC+04:00)
Milli Şuranın "fəxri sədrlik" postundan imtina edərək bəyanat vermiş və həmin bəyanatında Müsavat Partiyasına qarşı ittihamlarla çıxış etmiş Rüstəm İbrahimbəyovun qarşı tərəfdən cavabı gecikməyib. SİA-nın məlumatına görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri statusundan istefa verməsinə münasibət bildirərkən, bir daha bəyan edib ki, o, Rusiya vətəndaşı olduğu üçün qarşısında öhdəlikləri var: "Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Onun Rusiya qarşısında müəyyən öhdəlikləri var. Orada öz peşə fəaliyyəti ilə məşğuldur. Buna görə də Rusiyadan xeyli dərəcədə asılıdır".

Müsavat rəsmisi İbrahimbəyovun onları destruktivlikdə ittiham etməsini də rədd edib: "Müsavat Partiyası rəhbərliyinin onun Milli Şuranın fəxri sədri seçilməyi ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu barədə olan fikirlərini də qəbul etmir. Çünki Müsavat Partiyası Milli Şuranın yaranmasında aparıcı qüvvə olub. Seçki prosesinin aparılmasında, Milli Şuranın təşkil etdiyi aksiyalarda aktivliyi ilə seçilib. Milli Şuranın qərarlarını yerinə yetirməyə çalışıb. Ona görə də, Rüstəm İbrahimbəyovun problemin mahiyyətini dərk edərək "fəxri sədrlikdən" istefa etdiyini düşünürəm".

Rövşən NURƏDDİNOĞLU