Nazirlik: "SSRİ-dən qalma əmanətlərin vaxtı 31 dekabrda başa çatır" DİQQƏT

26 Dekabr 2013 14:31 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanı ilə fərdi birdəfəlik ödəmələr verilməsi 31 dekabr 2013-cü il tarixində başa çatır. SİA-nın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, birdəfəlik ödəmənin alınması üçün "Kapital Bank "ASC-nin filiallarına 31 dekabr 2012-ci il tarixinə qədər müraciət edən vətəndaşların mütləq əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunub. Fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət edən əmanətçilərin bir qisminə Bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər Bankın müvafiq filiallarından onlara təyin olunan pul vəsaitlərini bu günədək gəlib almayıblar.

Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 2013-cü il 31 dekabr tarixində başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Kommissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək "Kapital Bank "ASC-nin müvafiq filiallarına müraciət etməyə çağırır.