"Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı tez-tez xarici mətbuatda materiallar dərc edilir. Dost Pakistanın ən çox tirajla nəşr olunan "The Nation" qəzetində dərc olunan "İlham Əliyev: Biz müasir dövlət qururuq" adlı məqalədə ölkə başçısının fəaliyyəti geniş şəkildə işıqlandırılıb və eyni zamanda məqalədə Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın inkişafı ilə harmonik bir şəkildə verilib". Bu barədə SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, məqalədə Azərbaycanın son illər sürətli inkişafının, uğurlarının birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlı olduğu vurğulanır: "Azərbaycanın enerji ehtiyatlarının milli maraqlara uyğun olaraq istifadə edilməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi üçün ciddi layihələrin həyata keçirilməsi, sosial problemlərin həll edilməsi Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən ölkələr sırasında 39-cu pilləyə çatmasına şərait yaradıb. Eyni zamanda Azərbaycan dünya siyasətində aparıcı oyunçulardan biri kimi də tanınır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi seçilməsi, Azərbaycanın bir çox dövlətlərin arzuolunan müttəfiqi kimi qəbul edilməsi də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir".
A.Mirzəzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı apardığı müdrik siyasət dövlətimizin mövqeyinin möhkəmlənməsində və Ermənistanın işğalçılıq siyasəti, onu müdafiə edən dairələrin məkrli siyasətinin ifşa edilməsində böyük rol oynayır.
Millət vəkili qeyd edib ki, Pakistanın ən çox tirajla nəşr olunan "The Nation" qəzetində dərc edilən "İlham Əliyev: Biz müasir dövlət qururuq" adlı məqalə Pakistan cəmiyyətinin Azərbaycana, Liderimiz İlham Əliyevə olan böyük marağı ilə bağlıdır və hesab edirəm ki, bu kimi addımlar iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə xidmət edəcək.