Türkiyə Respublikasının prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təvrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Doğum gününüzü türk xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Dost və qardaş Azərbaycan son 10 ildə Sizin müdrik liderliyinizlə inkişaf sahəsində böyük irəliləyiş əldə etmiş və beynəlxalq arenadakı statusunu gücləndirib. Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz üçün bənzərsiz sabitlik amilinə çevrilib.
Zati-aliləri, prezident seçkilərindən sonra 2013-cü il noyabrın 12-13-də ölkəmizə səfəriniz strateji əhəmiyyətə malik əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verib.
Zati-aliləri, əziz qardaşım, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm".
Moldova Respublikasının prezidenti Nikolaye Timofti də dövlət başçımızı təbrik edib: "Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Bu gözəl fürsətdən istifadə edərək qəti əminliyimi bildirmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış ənənəvi mehribanlıq və dostluq münasibətləri birgə səylərimiz sayəsində ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək, qarşılıqlı faydalı əməkdaşlıq ruhunda dərinləşəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq diləyirəm. Sizə dərin hörmət bəslədiyimə əmin olmağınızı xahiş edirəm".
ABŞ senatoru Mayk Krapodanın isə təbrikində deyilir: " Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Sizin böyük xidmətləriniz var. Biz bunu yüksək qiymətləndiririk. Xalqlarımızın və ölkələrimizin dostluq münasibətləri Sizin prezidentliyiniz dövründə daha da güclənib. Əminik ki, qarşıdakı illərdə də ABŞ ilə Azərbaycan arasında əlaqələri dərinləşdirmək üçün Sizinlə birgə işləyəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük uğurlar diləyirəm".
ABŞ-ın Arkanzas Ştatının dövlət katibi Mark Martinin təbrikində qeyd edilir: "Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram. Sizin Birləşmiş Ştatlar ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa sədaqətiniz və verdiyiniz şəxsi töhfə yüksək təqdirə layiqdir. Xalqlarımız sınaqdan çıxmış müttəfiqlərdir və sizin rəhbərliyiniz altında dostluğumuz daha da möhkəmlənib. Prezidentliyinizin yeni dövründə ABŞ-Azərbaycan əlaqələrinin daha da gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm".
ABŞ konqresmeni Stiv Stokmanın təbrikində isə bildirilib: "Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Azərbaycan Sizin rəhbərliyinizlə çox böyük uğurlara nail olub. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də sizi təbrik edirəm. Siz xalqınızın böyük etimadını qazanmısınız. Əminəm ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasında əlaqələri daha da dərinləşdirmək istiqamətində birgə səylərimizi gələcəkdə də davam etdirəcəyik. ABŞ Konqresinin Texas ştatının Hyuston şəhərindən olan üzvü kimi qardaş şəhərimiz Bakı ilə də əlaqələrimizə xüsusi önəm verirəm. Sizin dəstəyinizlə biz regional təhlükəsizlik, o cümlədən iqtisadiyyatın, enerjinin inkişafı və şaxələndirilməsi sahələrində yeni uğurlar əldə edə bilərik.
Azərbaycana səfərim zamanı sizinlə görüşməkdən və ölkənizin mədəniyyəti ilə tanış olmaqdan çox məmnunam. Tezliklə yenidən Azərbaycana səfər etmək arzusundayam".