Rəbiyyət Aslanova: “Azərbaycan dövləti ən yüksək iqtisadi tərəqqiyə və yüksəlişə nail olub” MÜNASİBƏT

24 Dekabr 2013 10:48 (UTC+04:00)

"Son 10 il ərzində Azərbaycanın istər daxili siyasətində, istərsə də xarici siyasətində əldə olunan uğurlar uzun onilliklərə bəs edən nailiyyətlərdir. Bütün bu illər ərzində Azərbaycan dövləti ən yüksək iqtisadi tərəqqiyə və yüksəlişə nail olub". Bunu SİA-ya millət vəkili Rəbiyyət Aslanova Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il ərzində ölkəmizin əldə etdiyi uğurlar barəsində danışarkən deyib.

"Ölkəmizin dünyada öz sözünü deməsi, dünya birliyində öz mövqeyinə görə seçilməsi, BMT TŞ-ya qeyri daimi üzv olması və s. onu göstərir ki, Azərbaycan bu 10 il ərzində bütün sahələrdə özünü təsdiqləyib. Dövlətimizin güclənməsi, qüdrətlənməsi Azərbaycan insanının özünü rahat bir məkanda hiss etməsi dövlət, lider və vətəndaş münasibətlərinin bu gün çox yüksək səviyyədə olması onu göstərir ki, əldə olunan uğurlar davamlıdır. "Azərbaycan – 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası bir daha onu göstərir ki, dövlət başçısı bütün fəaliyyətini bu gündən gələcəyə doğru istiqamətləndirir. Siyasi reallıq, gerçəklik və gələcək arasındakı o gözəl məntiqi tapmaq və gələcəkdə Azərbaycanı gözləyəcək bütün çağırışlara cavab vermək, dövlət başçısı İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edir" – deyə, millət vəkili bildirib.