Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi müəyyənləşib

24 Dekabr 2013 10:32 (UTC+04:00)

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunları başa çatıb. Siasport.az saytının məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən oyunlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparıb. Builki oyunlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak ediblər.

Finalda Bakı-1 və Bakı-2 komandaları qarşılaşıblar. Bakı-2 komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək 1-ci olub. 3-cü yerə Şəki komandası çıxıb.

Bir gün əvvəl başa çatmış sür-papaq oyunu üzrə yarışlarda Balakən təmsilçiləri 1-ci yerə sahib çıxıblar. Sonrakı yerləri Laçın və Ağcabədi rayonlarının komandaları tutublar.

İsmayıllı komandası papaq, Yevlax komandası yaylıq, Daşkəsən komandası isə atüstü güləş yarışlarının qalibi adını qazanıb.
Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun qalibi Bakı-2 komandasına isə yarışların baş mükafatı - Prezident Kuboku təqdim edilib.
Sonda yarış iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, atçılıq ənənələrinin dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.