“Şeytan Çarxı”nın açılışı gecikdirildi SƏBƏBLƏRİ VAR

23 Dekabr 2013 12:55 (UTC+04:00)

"Bulvar ərazisində Şam ağacları dekabrın 25-dən sonra qurulacaq". Bu sözləri SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bulvar ərazisində gedən bayram hazırlıqları ilə bağlı açıqlama verərkən deyib.

Onun sözlərinə görə, bulvar ərazisində 10 yerdə şam ağacı qurulacaq və hər şam ağacının yanında bir şaxta baba və qar qız dayanacaq.

Şaxta baba və qar qızların seçilməsi ilə bağlı müsabiqəyə gəlincə, N. Məcidov söyləyib ki, qəbul dekabrın 25-dən sonra başlanacaq və 2 gün davam edəcək.

Yeni bulvar ərazisində "Şeytan çarxı" adlanan atraksionun açılışının yubanacağını deyən idarənin rəis müavini "Atraksionunun açılışı ilin sonuna planlaşdırılsa da, açılış gələn ilin ilk ayına qədər təxirə salınıb. Çarxın özü hazır olsa da, xarici şirkət tərəfindən aparılan sınaqların başa çatmaması açılışı gecikdirib. Ola bilsin ki, çarxın açılışı gələn ilin əvvəllərinə təsadüf etsin"- deyə, qeyd edib.

N. Məcidov həmçinin vurğulayıb ki, hər il olduğu kimi, bu il də bulvar ərazisində uşaqlar üçün yeni il şənliklərinin keçriləcəyi istisna deyil.