“Kimsə vicdanını itiribsə, gəlib məndən soruşa bilər”

23 Dekabr 2013 11:56 (UTC+04:00)

Şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" şousunun yeddinci yarış günündə gözlənilməz hadisələr yaşanıb. SİA-nın verdiyi xəbərə görə, veriliş ərzində iştirakçılardan hamısı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun şəklini ataraq onu oyundan uzaqlaşdırmağa çalışıblar.

H.Məhəmmədoğlu verilişin əvvəlində yarışmanın 2 qadın iştirakçısı - Günel Hümbətova və Aydan Axundzadəni, eləcə də Elxan Zeynallını oyundan çıxartmayacağını deyib. Qaraqanın bir gün öncə səsləndirdiyi "Oyuna gəlməzdən əvvəl buradakıları özümdən aşağı hesab edirdim. Gələndən sonra fikrim dəyişdi və əslində dərin düşüncəyə sahib olduqlarını gördüm" fikirlər iştirakçıları qəzəbləndirib.

Verilişin irəliləyən dəqiqələrində 73.77 faiz səs toplayaraq oyunda qalmaq hüququnu qazanan Hüseyn gözlənilməz açıqlaması ilə hər kəsi təəccübləndirib. O, hədəf olaraq Elxanı seçib: "İnsanları özündən alçaq görən və onları meymun adlandıran şəxs əlini maşından çəksin".

Bu sözlərdən sonra aparıcı Günel Hümbətova əlini maşından çəkərək oyundan çıxmaq qərarı alıb. O, öz fikrini əsaslandıraraq Hüseynin doğru oyun aparmadığını və sözünün üstündə durmadığını deyib.

E.Zeynallı isə daha öncə deyilən sözlərdən sonra əlini maşınıdan çəkməməsini belə əsaslandırıb: "Mən insanları özümdən aşağı görmürəm və heç kimi meymun adlandırmamışam. Dünən də söylədim ki, buraya gələndən sonra fikirlərim dəyişdi. Bu gözəl maşının ətrafında gəzəndə 5-6 vicdan görmüşəm. Əgər kimsə vicdanını itiribsə, gəlib məndən soruşa bilər".

Bu sözləri deyərək oyunu tərk edən Qaraqan heç kimlə görüşmədən studiyadan çıxıb. Aparıcı Murad Dadaşov isə bir gündə iki iştirakçının bu formada oyundan uzaqlaşmasından çox təəccübləndiyini söyləyib.

Qeyd edək ki, hazırda müğənni Samir Piriyev, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, Aydan Axundova, stilist Anar Ağakişiyev, Hüseyn Məhəmmədoğlu, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.