"Azərbaycanda vətəndaş cəmiyyəti, mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib

21 Dekabr 2013 13:55 (UTC+04:00)

Bu gün Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin ofisində "Azərbaycanda vətəndaş cəmiyyəti, mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı qonağı salamlayaraq seminar iştirakçılarına uğurlar arzu edib. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni görüşə dəvət olunduğuna görə İctimai Birliyin rəhbərliyinə təşəkkür edib. Daha sonra qonaq gənc tədqiqatçılara "Azərbaycanda vətəndaş cəmiyyəti, mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda ətraflı məlumat verib.

Seminarda Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni müstəqilliyimizin bərpasından sonrakı mərhələdə Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasının tarixindən, demokratik institutların təsisatından, eyni zamanda beynəlxalq aləmdə geniş yayılmış təcrübədən yararlanaraq vətəndaş cəmiyyətinin institutlarının indiki inkişaf səviyyəsindən və perspektivlərindən bəhs edib. Bildirilib ki, seminar zamanı QHT-lərin maliyyə mənbələri, siyasi və iqtisadi asılılıqları və s. məsələlər müzakirə olunub. Eyni zamanda R. Zeyni vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa dövrü ilə başladığını bildirərək bu mərhələnin ilk dövrlərində demokratik dəyərlərin cəmiyyətə çatdırılması, insan haqlarının qorunması, ekologiya və ətraf mühitin mühafizəsinə yönəldiyini bildirib.

R. Zeyni gənclərlə mövzu ətrafında fikir mübadiləsi aparıb, bu sahənin əhəmiyyətindən bəhs edib və gənclərin bu istiqamətdə yeni-yeni tədqiqatlarda iştirakını arzu edib.

Səmimi şəraitdə keçən görüşdə iştirakçıların suallarını cavablandıran Rauf Zeyni seminar iştirakçılarına mövzu ilə bağlı dəyərli tövsiyələr verərək hər bir Azərbaycan vətəndaşının ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında və inkişafında rol oynamalı olduğunu bildirib.

Görüşün sonunda R. Zeyni seminar iştirakçıları ilə xatirə şəkli çəkdirib və GEAD İctimai Birliyinin sədri, dosent M. Babaşlı səmimi keçən görüş üçün R. Zeyniyə minnətdarlığını bildirib.